ermenistan pua

Böyük güclər arasında gərginlik son həddə: Rusiya ABŞ-ı hədələyir, Ərdoğan İsraili təhdid edir, ABŞ Çinlə qarşı-qarşıya gəlir, İsrail İranı yer üzündən siləcəyi ilə hədələyir. Ukraynada, Qəzzada müharibə şiddətlə davam edir. Bütün bunların fonunda Cənubi Qafqaz son 300 illik tarixin ən problemsiz dövrünü yaşayır, buna da qlobal güclər müdaxilə edib, qarışdırmaq istəyir.

Bütün bunlar dünyaya nə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, dünyada son dərəcə təhlükəli proseslər gedir:

“Vaxt itirmədən proseslərin dayandırılması zəruridir. ABŞ-ın kifayət qədər yaşlı, fəaliyyət qabiliyyəti az olan prezidenti Co Bayden təhlükələri görmədiyi və vaxtında düzgün reaksiya vermədiyi üçün prosesin qarşısını almaq mümkün olmayıb. Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərindən sonra yeni prezidentin daha məsuliyyətli olacağına ümid edirik.
İlk növbədə Ukrayna müharibəsini ədalətli şəkildə yekunlaşdırmaq lazımdır. ABŞ-Çin, ABŞ-Rusiya qarşıdurmasının dünyanı böyük təhlükələrə sürüklədiyi dərk olunmalıdır. Qarşılıqlı güzəştlərlə gərginliyi azaltmaq lazımdır”.

Siyasi şərhçinin sözlərinə görə, Ukrayna və Qəzzada baş verən hadisələr bütün ölkələrə dərs olmalıdır:

Abutalib semedov 121

Abutalıb Səmədov

“Gərginliyin, müharibələrin şiddətlənməsi ölkələr üçün böyük fəlakət yaradır. Kiçik bir ehtimal isə nüvə silahından istifadə olunmasıdır. Bunun üçün dayanmaq vaxtıdır. Böyük dövlətlər – ABŞ və Çin bu barədə müəyyən addımlar atmalıdır. Ümid edirik ki, yaxın günlərdə elə ilk növbədə ABŞ və Çin aralarında olan gərginlik xəttindən imtina edəcəklər”.

Globalinfo.az xatırladır ki, son vaxtlar bır sıra hərbi və siyasi ekspertlər Cənubi Qafqazda sonu görünməyən müharibənin başlama ehtimalı haqda narahat proqnozlar verirlər. Böyük güclər tərəfindən Ukraynada olduğu kimi, Qafqazda da böyük itkilər hesabına müharibəyə start verilməsinə çalışıldığı deyilir. Ermənistanın silahlandırılması, maliyyə dəstəyi verilməsi də buna hesablanıb – ekspertlər bu fikirdədir. Paşinyanın Qərbin adamı olması və lazım gəldiyi vaxt ordan aldığı tapşırıq üzrə bölgədə yenidən gərginlik yaratması da istisna edilmir. Artıq bunun əlamətləri görünməkdədir. Ötən həftəsonu Tovuzda, bu gün isə Laçında Ermənistana məxsus PUA-nın kəşfiyyat xarakterli uçuşlar həyata keçirməsi məsələnin ciddiliyindən xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenskinin də Qərbə bağlı olduğu, müharibədən yayınmamasında, Rusiya ilə açıq konfrontasiyaya getməsində bu faktorun danılmaz rol oynadığı çoxdan ifadə edilən fikirdir. Amma Zelenskidən, Paşinyandan fərqli olaraq Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələlərdə kifayət qədər təmkinli, ağıllı siyasət yürütməsi Azərbaycanı qorxulu ssenarilərdən sığortalaya bilir. Azərbaycanın bu siyasəti Cənubi Qafqaz üçün də qarantiya rolu oynayır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: