“Azərbaycan-Pakistan münasibətləri çoxtərəflidir. İki ölkə tarixi baxımından da bir-birinə çox yaxındır. Hərbi, iqtisadi, siyasi sahədə iki ölkə arasında əlaqələr tarixinin zirvə nöqtəsindədir”.
Bu sözləri Globalinfo.az-a politoloq Turab Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlməsini şərh edərkən deyib.
Oun sözlərinə görə, iki ölkə tarixi, mədəni bağlara malikdir:
“Xalqlar arasında çoxəsrlik əlaqələr bu gün də davam edir. Ümumiyyətlə, Pakistan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 12-də, Türkiyədən sonra ikinci tanıyan ölkədir. 1992-ci il iyunun 9-da iki ölkə arasında diplomatik münasibətlər yaradılıb, Pakistanın Azərbaycanda səfirliyi açılıb. BMT TŞ-ın 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik edib.
Ümumiyyətlə, ötən 30 ilə yaxın bir vaxt ərzində Pakistan beynəlxalq səviyyədə bütün toplantılarda Azərbaycanın ədalətli mövqeyini ardıcıl olaraq dəstəkləyib. Bundan başqa, Pakistan bu günə qədər Ermənistanla diplomatik münasibətlər qurmayıb, bu ölkədə səfirlik açmayıb.
Pakistan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da Azərbaycanın haqq işini dəstəkləyib. Siyasi və diplomatik dəstəkdən əlavə iki ölkə arasında hərbi sahədə münasibətlər yüksək səviyyədədir. Rəsmi Bakı bir müddətdir ki, Pakistandan yeni nəsil döyüş təyyarələri almaq niyyətindədir. Bundan başqa nüvə ölkəsi olan Pakistanla münasibətlərin inkişaf etməsi geosiyasi baxımdan əhəmiyyətlidir”.
Politoloq deyib ki, Prezident İlham Əliyevin təyyarəsini qırıcıların müşayiət etməsi diqqətçəkən olaydır:
“Ümumiyyətlə belə diplomatik jestlər hər ölkə başçısına edilmir. Bu bir daha iki ölkə münasibətlərinin hansı səviyyədə olduğunu göstərir. Hesab edirəm, dövlət başçıları siyasi, diplomatik, hərbi və ən əsası da iqtisadi sahədə məsələləri müzakirə edəcək.
Pakistanla Azərbaycan arasında iqtisadi münasibətlər zəifdir. İqtisadi münasibətlərin artması, habelə yeni layihələrin icrası üçün yeni sazişlərə ehtiyac var”.
Turan Rzayev














