“Osmanlı zamanı qapılarda iki cür dəstək olardı – biri kiçik, digəri bir qədər böyük. Qonaq kişi idisə, yüksək, gurultu çıxaran böyük dəstəkdən, qadınlar isə sakit, aydın səs çıxaran kiçik dəstəkdən istifadə edirdilər”.
Globalinfo.az xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev deyib.
Onun sözlərinə görə, bu yolla ev sahibləri qapını kimin döydüyünü bilirdilər:
“Əgər qonaq qadın olsaydı, qapını onun üzünə də qadın açardı. Bir kişi döydüsə, qapını yalnız kişi açmalıdır. Özü də qapı döyüləndə kişi mütləq əlinə silah almalı idi. Qapının o tərəfində düşmən də ola bilərdi, dost da… Bu adət bir müddət sonra Azərbaycana gəldi, xüsusilə Bakıda, əsasən, İçərişəhərdə dəb oldu. Hətta Üzeyir Hacıbəyov “Arşın mal alan” filmində belə bir səhnə yaradır ki, xanımlar bağda yığışıb əylənəndə qapını döyən şəxsin kişi olduğunu biləndən sonra üzlərini örtsünlər. Bu, qədim törə idi. Türk qadını yad kişini görəndə mütləq başında olan yaylıq və ya kəlağayı ilə üzünün burnuna qədər olan hissəsini örtməli – yaşmaqlanmalı idi. Hətta törəyə görə, yad xanımı görən kişi indiki şərf formasında olan yaylıqla da burun hissələrinə qədər ağızlarını örtərdilər”.
Tarixçi deyib ki, islam yayılandan sonra bu adəti bir çox müsəlman ölkələri görüb, tətbiq etməyə başladılar:
“Müsəlman evinə yad adam qonaq gələrsə, sahibə qonağı başıaçıq qarşılamamalıdır.
Qapı dəstəkləri müxtəlif növ olurdu: qaz, pişik və s. şəkildə hazırlanırdı. Bitki şəklində hazırlanmış dəstəklər də olurdu. Digər məşhur dəstək forması isə qadın əli idi. Bu gün də qədim, klassik evlərdə bu cür dəstəklərə rast gəlmək olar”.

Zaira Akifqızı
Globalinfo.az














