Müsahibimiz AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadədir.
– Hazırda türk dövlətləri arasında inteqrasiya proseslərinin gücləndiyinin şahidiyik. Bəziləri qarşıdakı dövrü əsri türk əsri adlandırırlar. Bunun fonunda Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişafı əvvəlki dövrdən hansı cəhətlərinə görə fərqlənir?
– Doğru qeyd etdiniz. Xüsusən 2020-ci il müharibəsindən sonra biz açıq-aşkar türk inteqrasiyasının gücləndiyini müşahidə edirik. Ən maraqlı tərəfi də odur ki, əvvəlki mərhələlərdə bu prosesə mane olmağa çalışan gizli və aşkar “əllər” sanki proseslə razılaşmış kimi görünürlər. Bu heç də həmin dövlətlərin türk birliyi məsələsində geri çəkilməsi anlamına gəlmir. Sadəcə olaraq hazırki dünya geosiyasəti və geoiqtisadiyyatında cərəyan edən proseslər fonunda bir sıra böyük güclər hesab edirlər ki, türk birliyindən geosiyasi və geoiqtisadi maraqlar naminə istifadə etmək olar. Məsələnin geosiyasi tərəfi ondan ibarətdir ki, Çin güclənir. Mərkəzi Asiya Çinə qarşı mümkün gələcək mübarizənin Qərb cəbhəsidir. Təkbaşına heç bir, Orta və ya Mərkəzi Asiya ölkəsi Çinlə üz-üzə dayanmaq iqtidarında deyildir. Bu baxımdan Çinin şərq sərhədlərində onu narahat edən bir türk birliyi kifayət qədər əlverişli vasitə sayıla bilər.
Elnur Kəlbizadə
Geoiqtisadi olaraq isə türk birliyinin yaranması təkcə Avropanın böyük iqtisadiyyatları üçün deyil, Çinin özü üçün də əlverişlidir. Deyək ki, hazırda Çindən çıxan yüklər Qazaxıstana və ya digər türk dövlətlərinə, oradan Xəzər vasitəsilə Azərbaycana, buradan Türkiyəyə, oradan isə Avropaya gedir. Hər ölkənin ərazisinə daxil olduqca həmin yüklər gömrük və digər məcburi ödənişlərə cəlb olunur. Bu isə daşınma xərclərini də nəzərə aldıqda məhsulların maya dəyərinin yüksəlməsinə səbəb olur. Lakin deyək ki, Avropa İttifaqına bənzər formada Türk Birliyi yarandı. Belə birliyin yaranması üçün ilk şərtlərdən biri nədir?! Üzvlər arasında gömrük sazişi. Deməli, yük Birliyin üzvü olan bir ölkənin ərazisinə daxil oldu, gömrük rüsumlarını ödədi, bitdi. Rahat şəkildə Çin sərhədindən Avropa İttifaqına qədər hərəkət edəcək və Aİ-yə daxil olacaq. Bu, yüklərin və xidmətlərin rahat axınını təmin edəcək. İqtisadi baxımdan daha fərqli mənzərə yaradacaq. Bütün bunları nəzərə aldıqda Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə inkişafı təkcə ikitərəfli məsələ deyildir. Bu, türk dünyası çərçivəsində regional, geosiyasət və geoiqtisadiyyat baxımından qlobal məsələdir.
– Bəs Rusiya faktoru? Ruslar bu məsələ ilə niyə razılaşsınlar ki?
– Rusiyanın da bu məsələyə özünəməxsus yanaşması var. Bilirsiniz ki, uzun illərdir Avrasiyaçılıq Rusiya xarici siyasətinin əsas nəzəri-ideoloji bazasını təşkil edir. Ruslar başa düşürlər ki, Avrasiyaçılıq təkcə slavyan xalqlarının gücü hesabına reallaşdırıla bilməz. Bu baxımdan Avrasiyaçılığı slavyan və türk xalqlarının iştirakı ilə reallaşdırıla bilən bir məsələ hesab edirlər. Türkiyə ilə yaxınlaşma, türk dövlətlərinin inteqrasiyasına sakit yanaşma bundan irəli gəlir. Təbii ki, bununla paralel türk dövlətlərinin özlərinin gücünü də nəzərə alırlar. Qısası, hər kəs başa düşür ki, Avrasiyanın ürəyində – dünyanın hartləndində türk reallığı var, bunun qarşısında olmaq təhlükəlidir, çalışıb onu ya özünün arzuladığı formaya salmaq, ya da onunla anlaşıb faydalanmaq lazımdır.
Bütün bu proseslər Azərbaycan-Qazaxıstan əlaqələrinin də güclənməsini şərtləndirir. Həm də ortada sözsüz ki, lider faktoru var. Tarixin hazırki mərhələsində Allahın Azərbaycana ən böyük hədiyyəsi ona güclü və dünya geosiyasətini dərindən bilən siyasi lideri bəxş etməsidir. O, bilir ki, dünyanın ayrı-ayrı güclərinin planı nədir, eyni zamanda yaxşı bilir ki, ölkəsinin maraqları nəyi tələb edir. Bilir ki, hazırki qeyri-sabit dünyada etibarlı tərəfdaş olmaq nə qədər əhəmiyyətli və çətindir. Bu baxımdan Qazaxıstan da Azərbaycanı etibarlı və dost ölkə olaraq görür. Yəni əlaqələri inkişaf etdirmək üçün lazım olan hər şey var. Ortaq etnik köklər isə kifayət qədər ciddi amildir. Müşahidə etdiyim qədəri ilə Qazaxıstanda “Qazax ruhunun” – “türk ruhunun” yüksəlişi baş verir.
– Bu nədir? O yüksəlişi nədə görürsünüz?
– İndiki Qazaxıstanın ərazisi bir çox böyük türk dövlətlərinin yarandığı yerdir. Qazaxlar tədricən o ruhu dirildirlər. Azərbaycanla münasibətlər kontekstində baxanda bir var ki, iki dövləti siyasi və iqtisadi maraqlar birləşdirsin, bir də var ki, milli kimlik əməkdaşlığın bazasını təşkil etsin. Əlaqələr sadəcə iqtisadi və siyasi maraqlar üzərindən deyil, xalqların, millətlərin səmimi arzuları, könül bağlılıqları üzərindən qurulanda daha möhkəm olur. Bunun özünütəsdiqləmiş modeli var: Azərbaycan-Türkiyə modeli. Bu, Qazaxıstanla da ola bilər. Olmalıdır. Türk dünyasını bir orqanizm kimi təsəvvür etsək Türkiyə onun başı, Orta Asiyanın türk dövlətləri onurğa sütunu və bədənidir. Ürək isə Azərbaycanda döyünür. Qan damarlarının birləşdiyi yer buradır.
– Son illərdə Azərbaycan-Qazaxıstan əlaqələrində ən mühüm hadisə sizcə nə olub?
– Bir çox hadisələr var. Onlar o qədər çoxsaylıdır ki, hər birini fərqləndirmək olar. Qazaxıstanın Ermənistanla Azərbaycan arasında baş verən 44 günlük müharibə ərəfəsində, dövründə və ondan sonra tutduğu mövqe də önəmli idi. Lakin məncə ən böyük hadisə 2024-cü ilin martında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı iki ölkənin dövlət başçılarının Çindən Qazaxıstan ərazisinə daxil olaraq oradan da Bakıya gələn qatarın gəlişini izləmələri idi. İlk baxşıdan nə qədər adi hadisə kimi görünsə də, deyərdim ki, mahiyyət etibarilə bu, Xankəndinin azad edilməsi qədər böyük və mühüm bir qələbə idi. Xatırlayırsınızsa Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınmış altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu (Siandakı Qazaxıstan terminalı-Aktau-Abşeron stansiyası) 11 günə qət etmişdi. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılmışdı. Bu mahiyyətcə çox böyük bir hadisə idi, onun faydalarını biz gələcəkdə görəcəyik. İndi 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi haqqında necə danışırıqsa, gələcəkdə də bu barədə elə danışacağıq.
– İndi Azərbaycan üçün mühüm məsələlərdən biri Qərbi Azərbaycan məsələsidir. Türk dövlətlərinin bu məsələyə yanaşması necədir? Konkret olaraq Qazaxıstan nümunəsində desək, məsələyə ilə bağlı açıq mövqe ortaya qoyulmur. Bu ehtiyatlılıq nə ilə bağlıdır?
– Bu tamamilə fərqli məsələdir. Hazırda Azərbaycan dövlətinin qarşısında Qərbi Azərbaycana qayıdış, tarixən özlərinin torpaqlarında yaşamış soydaşlarımızın yenidən qayıdışı, hüquqlarının bərpası ilə bağlı məsələ dayanır. O ərazilərə XIX əsrin əvvəllərindən etibarən məqsədli və kütləvi şəkildə ermənilər köçürülüb, XX əsrin əvvəllərində həmin ərazinin bir hissəsində ermənilərə dövlət yaradılıb, sovetləşmə ərəfəsində və dövründə isə tədricən bir sıra ərazilər, o cümlədən Orta dəhlizin mühüm bir parçası olacaq Qərbi Zəngəzur ərazisi qoparılaraq Ermənistan adlanan siyasi təsisata verilib. Həmin ərazilərdən azərbaycanlı soydaşlarımız sıxışdırılıb, deportasiya olunub, soyqırıma məruz qoyulub. Tarixi vətənlərindən didərgin düşən soydaşlarımız Azərbaycan Respublikası ərazisinə gəlməyə məcbur qalıblar. Azərbaycan dövləti onların hüquqlarının qorunması, inkişafı üçün vəsait sərf edib. İndi Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir, Azərbaycan dövləti də haqlı olaraq Qərbi Azərbaycandan olan soydaşlarımızın ən təbii hüquqlarının qorunmasını, onların öz ana yurdlarında milli, mədəni, humanitar, iqtisadi, sosial və siyasi hüquqlarını reallaşdırmaları üçün şərait yaradılmasını tələb edir. Qərbi Azərbaycandan olan soydaşlarımız təşkilatlanırlar, öz hüquqlarının bərpası üçün beynəlxalq təşkilatlara müraciətlər ünvanlayırlar. Bundan da təbii heç nə ola bilməz. Qazaxıstanın məsələyə münasibətinə gəlincə, bu ölkə həm özünün maraqlarını nəzərə alır, həm də ola bilsin, hesab edir ki, yaranmış yeni reallıqlar fonunda Azərbaycan dövləti bu məsələni Ermənistanla özü həll etmək iqtidarındadır. Bununla belə, hesab edirəm, məsələn, Qərbi Azərbaycan İcması Türk Dövlətləri Təşkilatı çərçivəsində müəyyən müzakirələrin təşkili üçün müraciət etsə Qazaxıstan buna etiraz etməyəcəkdir. Beynəlxalq hüququn subyekti kimi, Qazaxıstan dövləti soydaşlarımızın hüquqlarının qorunmasını və Ermənistan tərəfindən pozulan hüquqlarının təmin edilməsini təbii ki, ancaq dəstəkləyə bilər.
Məqalə “Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycan mövzusu Mərkəzi Asiyada ” adlı layihə çərçivəsində dərc olunub.
Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Turan Rzayev
Globalinfo.az














