İranda siyasi proseslər aktivləşir. İbrahim Rəisinin helikopter qəzasında həyatını itirməsinin ardınca seçki hazırlıqları başlayıb. Mühafizəkarlarla islahatçılar arasında mübarizənin bu il xüsusilə gərgin olacağı deyilir. Bəzi ekspertlər iddia edir ki, mərhum prezident İbrahim Rəisinin həyat yoldaşı da namizəd ola bilər.
İddialılar kimlərdir? Bakıya hansı namizədin hakimiyyətə gəlməsi sərf edir: mühafizəkar, yoxsa islahatçı xətt?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, qəzada həyatını itirmiş Rəisinin varisinin seçilməsi uğrunda mübarizə qızışır:
“İran mediası Keşikçilər Şurasının iyunun 28-nə nəzərdə tutulmuş növbədənkənar seçkilərdə Rəisinin varisinin seçilməsi üçün müəyyən strategiyalar üzərində işlənilməsi barədə geniş fərziyyələr ortalığa atılır. Mütəxəssislər üç mümkün ssenaridən birinin qəbul ediləcəyi barədə hipotezlər irəli sürürlər.
Bu dəfə Keşikçilər Şurasının manevr imkanının məhdud olması diqqəti çəkən ilk məqamdır. Çünki mövcud qanunvericilik prezidentin 50 gün ərzində seçilməsini tələb edir. Əvvəlki seçkilərdən fərqli olaraq, hazırda Şurada arzu etdikləri nəticəni təşkil etmək üçün zəruri mexanizm yoxdur.
Bazar günü mötədil mühafizəkarlara məxsus olan “Asr-e” İran xəbər saytı bildirib ki, Şuranın namizədlərin müxtəlifliyi ilə bağlı əvvəlki yanaşmalardan hansını qəbul edəcəyinin istiqaməti konkret siyasətçinin namizəd olmasından sonra müəyyən ediləcək. Yəni namizədlər müəyyən edilmədən nəzarətçi qurumun seçki ilə bağlı hansı siyasəti yürüdəcəyi proqnozlaşdırıla bilməz.
Müəyyən qrup düşünür ki, Şura seçiciləri səfərbər etməyə qadir olan bütün namizədləri, o cümlədən sərt xətt tərəfdarları və ultra sərt xətt tərəfdarlarını sıradan çıxara bilər. Yəni onları sadəcə seçkilərə buraxmaya və bununla prosesi özü üçün asanlaşdıra bilər”.
Ekspert deyib ki, ən az ehtimal olunan ssenari bütün siyasi qruplara öz namizədlərini irəli sürmək imkanı yaratmaqdır:
“Bununla yüksək fəallıq təmin ola bilər. Beş günlük qeydiyyat müddəti mayın 30-da başlayacaq. Bundan sonra Mühafizə Şurasının namizədləri yoxlamaq üçün cəmi bir həftəsi var. Bu vaxta qədər keçmiş prezident Mahmud Əhmədinejad kimi bəzi siyasi fiqurlar, bir vaxtlar Xameneyinin rəğbətini itirmiş favoritlər namizəd olmağa hazır olduqlarını bəyan ediblər.
Əhmədinejadın son iki seçkidə iştirakına qadağa qoyulduğunu nəzərə alsaq bu dəfə ona hansı münasibətin sərgilənəcəyi aydın deyil. Ola bilər ki, Əhmədinejad namizədlər içərisində ali dini rəhbəri qane edən yeganə fiqur olsun. Bu halda xoşbəxtlik quşunun növbəti dəfə onun başına qonacağını gözləmək mümkündür.
Xameneiö tərəfindən təyin edilmiş Mühafizə Şurasının hüquqşünaslarının qarşısında duran dilemma, seçicilərin “maksimum iştirakını” və ya seçkilərdə minimum iştirak səviyyəsini təmin etməklə “arzu olunan” gələcək prezidentin seçki qutularından çıxması üçün seçkilərin necə təşkili formasıdır. Belə olan halda növbəti prezidentin legitimliyi şübhə altına alınmayacaq”.
Ə.İbrahimov hesab edir ki, rəsmi rəqəmlərə görə, 2021-ci il prezident seçkilərində seçicilərin yalnız 48 faizi səsvermədə iştirak edib:
“Bu seçkidə aşağı ranqlı islahatçı hesab oluna Abdolnaser Hemmati də daxil olmaqla, namizədlərin seçilməsi Rəisinin qələbəsini təmin etmək məqsədi daşıyırdı:
Müvafiq namizədlər arasında mötədil keçmiş parlament sədri Əli Laricani, islahatçı keçmiş vitse-prezident Eshaq Cahangiri və Şərqi Azərbaycan əyalətindən olan islahatçı deputat Məsud Pezeşkian da var idi. Pezeşkian bazar günü yenidən namizədliyini verəcəyini elan edib.
2017-ci il seçkilərində 73% seçici, 2013-cü il seçkilərində isə 72%-dən çox adam iştirak etmişdi. Bu seçkilərdə Həsən Ruhani müvafiq olaraq 50% və 57% səslə qalib gəlmişdi.
2021-ci ildəki seçkidə səsvermə hüququna malik olanların 13 faizi bülletenləri boş saxlamış və ya onların verdiyi səs etibarsız hesab olunmuşdu. Bu, Rəisiyə qarşı 11,8 faiz səs toplayan Möhsün Rezaiyə verilən səslərdən daha yüksək idi.
Seçkiyə buraxılmış dörd namizəddən heç birini bəyənməyənlər və ya səsverməyə məcbur edilənlər boş və etibarsız bülletenlər atması ötən seçkilərə damğa vurdu.
2017 və 2013-cü il seçkilərində boş və etibarsız bülletenlər müvafiq olaraq bütün səslərin cəmi 2,9 və 3,39 faizini təşkil edirdi. Hər iki seçkidə siyasi hakimiyyətin daxilindəki müxtəlif fraksiyaların öz namizədləri olmuşdu.
Müşahidə olunan vəziyyət növbədənkənar prezident seçkisinin İranda hakimiyyəti və ali dini lideri yeni sınaq qarşısında qoyacağından xəbər verir. İran ətrafında ABŞ və İsrailin öndə getdiyi qüvvələrin daha sıx birləşməsi hadisələrin gözlənilməyən istiqamətdə hərəkət edəcəyini də istisna etmir”.
Turan Rzayev
Globalinfo.az














