irevan 14523

Rusiya mediası, o cümlədən Kremlin nəzarətindəki saytlar və agentliklər Ermənistanın radikal müxalifətinə gen-bol informasiya dəstəyi verirlər. Rusiya mediası radikalların Baş nazir Nikol Paşinyanı devirmək çağırışlarını və sərhəddəki insidentləri geniş şəkildə işıqlandırır, müxalifət nümayəndələrinin açıqlama və bəyanatlarını yayır.

Bəzi ekspertlər iddia edir ki, Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşma və sərhədlərin müəyyənləşməsi Kremlin maraqlarına ziddir. Ermənistandakı aksiyaların Qərbdən gələn tapşırıq əsasında baş verdiyini deyənlər də var.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, sərhədlərin delimitasiyası ilə bağlı proses konstruktiv mərhələyə qədəm qoyduqdan sonra Qərbdən pozitiv bəyanatların şahidi olduq:

“İstər Aİ, istərsə də ABŞ rəsmiləri vəziyyətin normallaşmasını təqdirəlayiq proses kimi qiymətləndirdilər. Lakin məhz həmin razılaşmadan sonra Ermənistanda müxalif dairələrin aktivliyinin şahidi ola bilirik. Xüsusən kilsə hakimiyyətinin, diasporanın kurasiyasında olan etiraz dalğasının Moskvadan direktivlər aldığı aydındır.

Məlumdur ki, Fransa kimi destruktiv güclər istisna olmaqla, Qərbin bölgə ilə bağlı özünəxas maraqları var. Daha çox Ermənistanın maraqları yönündən proseslərə müdaxilə etməyə çalışsa da, nəticə etibarilə sülhün bərqərar olmasından yanadır. Çünki Cənubi Qafqaz kimi önəmli geostrateji mövqedə yerləşən bir bölgədə sabitliyin mövcud olması Qərbin də marağında olan ciddi iqtisadi layihələrin işləkliyinə təminat verə bilər.

Son nailiyyətlərimiz də bir daha müvafiq cinaha göstərmiş oldu ki, Bakı haqlı maraqlarından heç vaxt ödünç verməyəcək. Odur ki, əldə etdiklərimizi və uğrunda mübarizə apardığımız hədəfləri qəbullanmaqdan başqa yolları yoxdur. Rusiya üçün bu prinsiplər keçərli deyil. Moskva Cənubi Qafqazda dayaqlarının varlığını Azərbaycanla Ermənistan arasında problemlərə borcludur. Kəndlərin tamamilə qaytarılması ilə bu dayaqların birmənalı məhvinə gətirib çıxaracaq. Odur ki, Kreml kommunikasiya məsələlərində razılıqdan yana olsa da, kəndlərlə bağlı eyni konstruktivliyi göstərməyə meyilli deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: