Bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun doğum günüdür. Onun 55 yaşı tamam olur.
Eyvazov Vilayət Süleyman oğlu 1968-ci il iyunun 28-də Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib. V.Eyvazov 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
Prezident İlham Əliyevin sərəncamı ilə V.Eyvazov 2019-cu ilin iyun ayının 20-də Daxili İşlər naziri təyin edilib.
Globalinfo.az Milli Məclisin deputatı Bəhruz Məhərrəmovdan mövqe öyrənib.
Bəhruz Məhərrəmov
O bildirib ki, Daxili İşlər Nazirliyi ölkədə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanı kimi idarəçilik iyerarxiyasında xüsusi yer tutan nəhəng strukturdur:
“Qurum həm də daxili stabilliyi, milli həmrəyliyi pozmaqla dövlətçiliyi hədəfə almaq istəyən dairələr qarşısında əsas səddir. Bu mənada DİN-ə layiqli rəhbərlik sadəcə yaxşı idarəçilik qabiliyyəti yox, həm də dövlətə, dövlətçiliyə və ölkə rəhbərinə istisnasız, şərtsiz sədaqət tələb edir.
Son 4 il ərzində nazirliyə rəhbərlik edən general-polkovnik Vilayət Eyvazovun fəaliyyəti müstəqillik tariximizin ən mürəkkəb, eyni zamanda ən şərəfli dövrlərinə təsadüf edib. İstər pandemiya zamanı karantin qaydalarının təmin olunmasında, istər müharibə dövründə, hərbi vəziyyət şəraitində biz Azərbaycan polisinin qüsursuz xidmətinə, həmçinin Vətən müharibəsi dövründə Daxili Qoşunların fəaliyyətinin yüksək səviyyədə təşkilinə şahidlik etdik. Yəni möhtərəm cənab Prezident hüququn aliliyi şəraitində hansı istiqamətdə iradə nümayiş etdirirdisə, DİN həmin iradəni və etimadı layiqincə reallaşdırdı”.
Deputat deyib ki, bu gün ölkəmiz yeni hədəflərə kilidlənib, qarşımızda böyük quruculuq və bərpa prosesindən tutmuş qlobal güc kimi möhkəmlənməyimizə qədər ciddi məqsədlər var:
“Bu proseslərdə isə uğurun əsas qarantlarından biri cənab İlham Əliyevin viziyonuna, onun siyasi kursuna, Heydər Əliyev yoluna sədaqətlə bağlı qalaraq əsas nemətimiz olan daxili sabitliyi, ictimai qaydanı və təhlükəsizliyi təmin etməkdir. Əminliklə demək olar ki, bu gün Azərbaycan polisi Vilayət Eyvazovun rəhbərliyi altında bu vəzifəsinin öhdəsindən ləyaqətlə gəlməkdədir.
Eyni zamanda bu gün mərkəzi icra hakimiyyəti orqanları arasında parlamentlə, deputatlarla işi ən uğurlu formada quran nazirliklərdən biri, bəlkə də birincisi məhz DİN-dir. Əlbəttə, bir güc nazirinin fəaliyyətinə yalnız dövlət rəhbərliyi qiymət verə bilər, lakin qeyd edilənlər fonunda general-polkovnik Vilayət Eyvazovun cənab Prezidentin islahatların yeni mərhələsində, yeni çağırışlar fonunda görmək istədiyi nazir olduğu şübhə doğurmur”.
B.Məhərrəmov general-polkovniki doğum günü münasibəti ilə təbrik edib:
“Bu gün 55 yaşının tamam olması münasibətilə hörmətli nazirimiz Vilayət Eyvazovu təbrik edir, cənab Prezidentin rəhbərliyi altında daha güclü Azərbaycan naminə fəaliyyətində ona uğurlar arzulayıram”.
Globalinfo.az ailəsi olaraq biz də hörmətli nazir Vilayət Eyvazovu 55 illik yubileyi münasibəti ilə təbrik edirik. Ona peşə fəaliyyətində uğur, şəxsi həyatında can sağlığı və xoşbəxtlik arzu edirik.
Zaira Akifqızı
Globalinfo.az














