putin mirziyayev

Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şövkət Mirziyayev ilə görüşüb. Kreml sözçüsü Dmitri Peskov görüşün təfərrüatı barədə danışmasa da, liderlərin Kremlə bir araya gəldiyini vurğulayıb. Ş.Mirziyoyev Böyük Vətən müharibəsində Qələbənin 78-ci ildönümü ilə bağlı bayram tədbirlərində iştirak etmək üçün Rusiyada olsa da səfər çərçivəsində onun Putinlə görüşməsi diqqət çəkir.

Bloomberg agentliyi yazır ki, Rusiyanın hərbi sənaye kompleksini dəstəklədiklərinə və müxtəlif sahələrdə sanksiyaları aşmaqda Rusiyaya kömək etdiklərinə görə Ermənistan və Özbəkistan daxil olmaqla, bir sıra ölkələrin 35-dən çox şirkəti Aİ-nin yeni sanksiyalar paketinə məruz qalıb. Bu məlumat fonunda Ş.Mirziyoyevin V.Putin görüşü xeyli diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan MAAM Türküstan Araşdırmalar Departamentinin eksperti Kamran Sultanlı deyib ki, Özbəkistan Mərkəzi Asiyanın müstəqil siyasət aparan oyunçusudur:

“Rusiya hər zaman Özbəkistanı öz orbitində görmək üçün çalışıb. Lakin buna müvəffəq ola bilməyib. Ümumiyyətlə Özbəkistan Orta Asiyanın əsas mədəni və siyasi mərkəzlərindəndir. Şövkət Mirziyoyev hakimiyyətə gəldikdən sonra Özbəkistan çoxvektorlu siyasət izləyir. Həm Türk Dövlətləri Təşkilatına geri döndü, həm Avrasiya İqtisadi İttifaqına müşahidəçi kimi qəbul edildi. Həmçinin MDB-də aktiv iştirak, Aİ ilə əlaqələrin genişlənməsi, Şanxay Əməkdaşlıq Təşkilatında fəallıq və s. də çoxvektorlu siyasətin göstəricisidir. Özbəkistan və Rusiya arasında ticarət dövriyyəsi də sürətlə artır. Mirziyoyev dövründə Özbəkistan həm də “Qazprom”la əməkdaşlığı genişləndirib. Onu da qeyd edək ki, Özbəkistan Rusiya ilə nə çox yaxınlaşmamaq, nə də çox uzaqlaşmamaq siyasəti yürüdür”.

Ekspertin sözlərinə görə, Özbəkistan rəhbərliyi çox gözəl anlayır ki, Rusiya Mərkəzi Asiyada destruktiv güc kimi imkanları var: “Buna görə Özbəkistan Rusiya ilə münasibətlərini davam etməkdə maraqlıdır. Özbəkistan müharibəyə qədər Rusiyaya ən çox işçi ixrac edən ölkə idi, bu da Özbəkistan iqtisadiyyatına müsbət təsir göstərirdi. ABŞ Maliyyə Nazirliyinin və Aİ-nin son açıqlamalarına əsasən Özbəkistanın bəzi şirkətləri Rusiyaya sanksiyaların yayılmasında yardım edib, bu şirkətlərə sanksiya tətbiqi mümkündür. Buna görə də Putinlə görüşdə Mirziyoyevin bu məsələni müzakirəyə çıxaracağı gözlənilir. Rusiyaya qarşı paralel idxaldan imtina edəcəklərini söyləyə bilər. Təbii ki, növbəti ay Özbəkistanda növbədənkənar seçkilər keçiriləcək, Mirziyoyev bu görüşdə daxili məsələləri və Rusiyanın mane olmamasını müzakirə edə bilər. Digər məsələ mənə Rusiyanın son illər ciddi maraq göstərdiyi Özbəkistan və Qazaxıstanla olan qaz ittifaqıdır ki, bu məsələnin də gündəmdə olduğunu qeyd edə bilərik. Səfərin digər məqsədi həm də 9 May paradına bir təhlükəsizlik çətiri verməkdir. Putin bu səfərlərdən öz legitimliyi və təcridə məruz qalmadığını göstərməyə çalışacaq. Özbəkistanın Rusiya ilə problemlərinə baxmayaraq Kremllə yaxın əlaqələri var. Unutmayaq, Kremlə çox yaxın olan Rusiya biznes elitasında böyük nüfuza malik iş adamı Əlişir Usmanov Şövkət Mirziyoyevlə qohumluq əlaqələrinə malikdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: