Suriya məhkəməsi keçmiş prezident Bəşər Əsəd haqqında ölüm hökmü çıxarıb. 2024-cü ildə devrilən Bəşər Əsədin hazırda Rusiyada yaşadığı bildirilir. Bu məqamda Moskvanın onu Suriyaya təhvil verməsi ehtimalı müzakirə edilir.
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Suriya məhkəməsinin Bəşər Əsəd haqqında qiyabi ölüm hökmü çıxarmasının arxasında ciddi geopolitik məsələ dayanır:
“Əsəd hazırda Rusiyadadır və onun taleyi birbaşa Moskva ilə Dəməşq arasındakı münasibətlərin gələcəyinə təsir edə bilər. 2024-cü ildə Əsəd hakimiyyətdən devriləndən sonra Rusiya Prezidenti Vladimir Putin ona Rusiyada sığınacaq verib. İndi isə onu ölüm hökmünün icrası ilə üzləşə biləcəyi Suriyaya göndərmək Moskvanın həm öz nüfuzuna, həm də digər tərəfdaşlarına verdiyi siyasi siqnala təsir göstərə bilər.
Əsədin Rusiya üçün əvvəlki qədər böyük əhəmiyyəti yoxdur. Lakin Əsəd bir növ Moskvanın əlində siyasi kart olaraq qalır. Rusiya onu qorumaqla yeni Suriya hakimiyyəti ilə danışıqlarda müəyyən üstünlük əldə edə bilər. Əslində, hadisələrin zamanlaması da çox maraqlıdır. Ölüm hökmündən cəmi bir neçə gün əvvəl Rusiya ilə Suriya arasında Xmeymim və Tartusdakı Rusiya hərbi mövcudluğunun gələcəyi ilə bağlı yeni razılaşma əldə edilib. Razılaşmaya əsasən, Rusiya bu obyektlərdə əvvəlki statusunu dəyişməklə müəyyən hərbi iştirakını və təlim imkanlarını qoruyur. Bu isə göstərir ki, Moskva artıq “Əsəd rejimini qorumaq” siyasətindən “Əsədsiz Suriyada Rusiyanın maraqlarını qorumaq” siyasətinə keçib”.
Politoloq deyib ki, Putin üçün hazırda əsas məsələ Əsədin özünü qorumaqdan daha çox, Rusiyanın Suriyadakı strateji mövqeyini saxlamaqdır:
“Tartus limanı və Xmeymim bazası Rusiyanın Aralıq dənizinə və Yaxın Şərqə çıxışı baxımından xüsusi əhəmiyyət daşıyır. Rusiya üçün bu imkanlar həm Yaxın Şərqdə, həm də Afrika istiqamətində logistika və hərbi-siyasi təsir baxımından vacibdir.
Vüqar Zifəroğlu
Ona görə də Əsəd məsələsi Rusiya ilə Suriya arasında yeni, amma idarəolunan diplomatik gərginlik yaradacaq. Dəməşq bundan sonra Moskva qarşısında “Əsədi niyə vermirsiniz?” sualını daha sərt şəkildə qoyacaq. Rusiya isə böyük ehtimalla “humanitar və təhlükəsizlik səbəbləri” arqumentindən istifadə edərək ekstradisiyadan imtina edəcək. Amma Əsəd tamamilə əhəmiyyətsiz də deyil. Əksinə, onun gələcək taleyi Moskva ilə Dəməşq arasında bazarlıq predmetinə çevrilə bilər. Fikrimcə, Kremlin Əsədi təhvil verməsi üçün Dəməşqdən kifayət qədər böyük əlavə güzəştlər tələb etməsi mümkündür.
Putin Əsədi ona görə saxlamır ki, onun yenidən Suriyada hakimiyyətə qayıtmaq ehtimalına ciddi şəkildə inanır. Əsədin Rusiyada qalmasının əsas səbəbi artıq Əsədin özü deyil, Putinin verdiyi siyasi söz və Rusiyanın özünü etibarlı tərəfdaş kimi təqdim etmək istəyidir”.
V.Zifəroğlu deyib ki, Əgər Putin sabah Əsədi Suriyaya göndərsə, bu, yalnız Dəməşqə deyil, Moskvanın digər müttəfiqlərinə də siqnal olacaq:
“Rusiya siyasi vəziyyət dəyişdikdə əvvəlki tərəfdaşından imtina edə bilər. Bu isə Kremlin Yaxın Şərq, Afrika və digər regionlardakı münasibətləri baxımından arzuolunan mesaj deyil.
Ona görə də ölüm hökmü əslində Əsədin Rusiya üçün dəyərini artırmır, əksinə, təhvil verilməməsi üçün Moskvaya əlavə arqument yaradır. Əlbəttə, gələcəkdə vəziyyət dəyişə bilər. Əgər Moskva Suriyada hərbi və iqtisadi maraqlarını uzunmüddətli şəkildə təmin etsə və Əsədin saxlanılması Rusiyaya artıq heç bir siyasi dividend gətirməsə, onun taleyi başqa formatda müzakirə oluna bilər. Lakin bu halda belə Əsədin Suriyaya verilib ölüm hökmünün icrasına şərait yaradılmasını ən aşağı ehtimallı variant hesab edirəm”.
Turan Rzayev
Globalinfo.az