İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.
Qlobal geosiyasi və geoiqtisadi düzənin sürətlə dəyişdiyi, beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşdığı indiki mərhələdə Mərkəzi Asiya dünyanın diqqət mərkəzində olan regionlardan birinə çevrilib. Uzun illər əsasən enerji resursları və coğrafi mövqeyi ilə xarakterizə olunan region bu gün Avrasiyanın nəqliyyat, logistika, enerji və siyasi inteqrasiya baxımından əsas platformalarından biri hesab edilir. Məhz belə bir şəraitdə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü təkcə diplomatik tədbir deyil, yeni geosiyasi reallığın siyasi təsdiqidir.
Azərbaycan Mərkəzi Asiya regionunun bir parçası olmasa da, bura ilə tarixi siyasi mədəni əlaqələrə malikdir. Rəsmi Bakı regiona xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyev çıxışında səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqləyir.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi ardıcıl diplomatiya, qarşılıqlı səfərlərin intensivləşməsi, iqtisadi layihələrin genişlənməsi və Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi bu gün yeni əməkdaşlıq modelini formalaşdırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2023-cü ildən indiyədək onun Mərkəzi Asiya ölkələrinə 16, region liderlərinin isə Azərbaycana 26 səfər etməsi diplomatik statistika olmaqdan çox, siyasi dinamikanın göstəricisidir.
Azərbaycanın bu platformada ilk dəfə tamhüquqlu üzv kimi iştirakı isə ayrıca geosiyasi hadisədir. Uzun illər “Mərkəzi Asiya beşliyi” kimi tanınan əməkdaşlıq formatında Azərbaycanın yer alması regionun siyasi xəritəsində yeni yanaşmanın formalaşdığını göstərir. Əgər əvvəllər Azərbaycan Mərkəzi Asiya ilə tərəfdaş ölkə kimi əməkdaşlıq edirdisə, artıq regionun strateji qərarlarının qəbul edildiyi platformanın tamhüquqlu iştirakçısıdır. Bu isə Azərbaycanın regional siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.
Hesab edirəm, bu prosesin arxasında çox ciddi geoiqtisadi səbəblər dayanır. Son illərdə Avropa ilə Asiyanı birləşdirən ticarət marşrutlarının dəyişməsi, Şimal marşrutunun əvvəlki əhəmiyyətini itirməsi və Orta Dəhlizin ön plana çıxması Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırıb. Mərkəzi Asiya dövlətləri üçün Avropa bazarına çıxışın ən təhlükəsiz və sabit yolu məhz Azərbaycan üzərindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Xəzər dənizində yaradılmış müasir logistika infrastrukturu Azərbaycanın bu prosesdə əvəzolunmaz tərəfdaş olduğunu göstərir.
Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan məşvərət formatının fəal üzvü olacaq” fikri gələcək fəaliyyət istiqamətlərini də müəyyənləşdirir. Çünki söhbət yalnız siyasi dialoqdan getmir. Burada investisiya, nəqliyyat, logistika, enerji, rəqəmsal iqtisadiyyat və sənaye əməkdaşlığını əhatə edən geniş inteqrasiya modelindən söhbət gedir.
Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan sənədlər də bu strategiyanın praktik nəticəsidir. Xüsusilə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu, artıq siyasi bəyanatlar deyil, konkret maliyyə resursları və real investisiyalar deməkdir.
Daha bir mühüm məqam Azərbaycanla Qırğızıstan arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalanmasıdır. Müttəfiqlik dövlətlərarası münasibətlərin ən yüksək formalarından biri hesab olunur. Bu sənəd Bakı ilə Bişkek arasında münasibətlərin sadəcə dostluq və tərəfdaşlıq səviyyəsində qalmadığını, strateji xarakter aldığını nümayiş etdirir. Bu yanaşma digər Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə də oxşar modelin formalaşdığını göstərir.
Əslində, bu gün Mərkəzi Asiya ilə Azərbaycan arasında baş verən proseslərə yalnız iqtisadi prizmadan baxmaq doğru olmaz. Burada Türk dünyasının siyasi inteqrasiyası faktoru da xüsusi əhəmiyyət daşıyır. Son illər Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların artması və siyasi koordinasiyanın güclənməsi göstərir ki, türk dövlətləri münasibətləri yeni mərhələyə qədəm qoyub. Mərkəzi Asiya platformasında Azərbaycanın tamhüquqlu iştirakı da məhz bu inteqrasiyanın tərkib hissəsidir.
Prezident İlham Əliyevin çıxışında diqqətçəkən digər məqam isə Azərbaycanın Mərkəzi Asiyanı xarici siyasətinin prioritet istiqamətlərindən biri elan etməsi oldu. Bu fikir təsadüfi səsləndirilməyib. Çünki Azərbaycan artıq yalnız Cənubi Qafqaz dövləti kimi deyil, Avrasiyanın nəqliyyat və logistika sistemini birləşdirən əsas aktorlardan biri kimi çıxış edir. Azərbaycanın coğrafi mövqeyi ölkəyə sadəcə tranzit üstünlüyü vermir, həm də siyasi təsir imkanları qazandırır.
Məncə, Çolpon-Atada keçirilən görüşün ən böyük nəticəsi məhz budur. Azərbaycan artıq Mərkəzi Asiyanın qapısını Avropaya açan ölkə deyil, regionun gələcəyini müəyyənləşdirən qərarların qəbulunda iştirak edən aktordur. Bu, son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin məntiqi nəticəsidir.
Nəticə etibarilə, Çolpon-Ata görüşü növbəti diplomatik tədbir deyil, Azərbaycanın regional liderliyinin və Mərkəzi Asiya siyasətinin institusional şəkildə təsdiqləndiyi mühüm mərhələdir. Prezident İlham Əliyevin “Azərbaycan və Mərkəzi Asiya artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib” fikri isə bu gün regionda formalaşan yeni reallığın ən dəqiq siyasi ifadəsidir. Qarşıdakı illərdə bu əməkdaşlığın nəqliyyat, enerji, investisiya və təhlükəsizlik sahələrində daha da dərinləşəcəyi gözlənilir. Görünən odur ki, Mərkəzi Asiya artıq Azərbaycan üçün alternativ istiqamət deyil, xarici siyasətin əsas sütunlarından birinə çevrilməkdədir.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı