2020-də Şuşaya atılmış dəhşətli raket gündəmdə – “İsgəndər”in Xarkova “yürüşü”

Rusiya ordusunun “İsgəndər” taktiki raket kompleksi ilə Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindəki komanda məntəqəsini, döyüş sursatı olan anbarı vurması dünya gündəminə düşüb. Xatırladaq ki, Ermənistan sözügedən raketdən 2020-ci ilin noyabrında – Vətən müharibəsi zamanı Şuşaya hücumda istifadə etmişdi. Xarkovun “İsgəndər”lə vurulması müharibənin fərqli məcraya getməsi kimi dəyərləndirilir. 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ Konqresinin Ukraynaya hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsinin bumeranq effekti verməsi barədə düşünməyə dəyər:

“Bu, Rusiyanı daha da aqressivləşdirir. Rəsmi Moskva başa düşür ki, məhv etməsə, məhv ola bilər. Üstəgəl, Konqresin ayırdığı yardım Ukraynaya tam çatana qədər Rusiya cəbhə xəttindəki imkanlarını artırmaq istəyir.

Bundan başqa, ola bilsin, son günlər Rusiyanın hücumları intensivləşdirməyi həm də Müdafiə Nazirliyindəki yeni təyinatla bağlıdır. Belə ki, Andrey Belousov bu vəzifədə general Sergey Şoyqunu əvəz edib. Mümkündür ki, Belousov özünü təsdiq etməyə çalışır.

Digər tərəfdən, Ukraynada vəziyyət, həqiqətən, çox çətindir. Ayrılan yardım nəticə vermir. Ümumiyyətlə, ABŞ və Avropanı nə Kiyev, nə də Prezident Volodimir Zelenskinin taleyi maraqlandırır. Qərb proseslərə ancaq öz maraqları kontekstindən yanaşır. Və görünən odur ki, bu maraqlar ən azından hələ ki müharibənin davam etməsini tələb edir.

Əvvəllər də dediyimiz kimi, müharibənin nəticəsi olaraq Ukraynanın Rusiya və Avropa arasında parçalanması ehtimalı getdikcə artır”.

Safura Bənnayeva
Globalinfo.az