Ukrayna Avropa və ABŞ-la birlikdə Rusiya ilə müharibənin başa çatdırılması üçün zəruri olan əsas sənədlər blokunu hazırlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski diplomatlarla görüşündə bildirib.
Dövlət başçısının sözlərinə görə, hazırkı mərhələdə əsas məqsəd ədalətli sülhə nail olmaq və müharibəni bitirməkdir. Zelenski vurğulayıb ki, Ukrayna qələbəyə məhz diplomatik yol ilə çatmaq üçün əlindən gələni edir. Bu da ukraynalı müdafiəçilərin həyatının qorunmasına imkan verəcək.
Prezident qeyd edib ki, aktiv diplomatik proses davam edir. Xüsusilə, Ukrayna nümayəndə heyəti Mayamidən geri qayıdır və bundan sonra danışıqların detalları açıqlanacaq. Onun sözlərinə görə, artıq ilk draftlar hazırlanıb və ideal olmasa da, mövcud 20 maddəlik plan əsas kimi formalaşıb.
Zelenski həmçinin Ukrayna, Avropa və ABŞ arasında təhlükəsizlik zəmanətləri ilə bağlı çərçivə sənədinin, eləcə də təhlükəsizlik zəmanətlərinə dair ayrıca ikitərəfli müqavilənin hazırlandığını bildirib. Bu sənəd Konqresdə ayrıca detallar və qapalı əlavələr nəzərə alınmaqla müzakirə edilməlidir.
Zelenskinin sözlərinə görə, elə məsələlər var ki, hələlik nə Ukrayna, nə də Rusiya onlara hazırdır.
“Hazırda ABŞ rəsmiləri Rusiya tərəfi ilə danışıqlar aparırlar və bu prosesdən sonra Ukrayna Vaşinqtondan geri dönüş gözləyir”, – Zelenski vurğulayıb.
Əliyar Xəlil