zelenski 111

Ukrayna Silahlı Qüvvələrində kadr dəyişikliklərinin aparılması və ölkənin Rusiya pilotsuz uçuş aparatlarından (PUA) müdafiəsinin gücləndirilməsi məqsədilə yeni təşkilati tədbirlərin görülməsi planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixail Drapatı ilə görüşünün nəticələri barədə danışıb. Görüşdə cəbhədəki vəziyyət müzakirə olunub və Drapatı bu barədə məruzə təqdim edib.

“Donetsk istiqamətindəki vəziyyət, o cümlədən Konstantinovka, Slavyansk və Pokrovsk istiqamətləri ilə bağlı bir sıra məsələləri müzakirə etdik. Rusiya ordusunun həmin ərazilərdəki tapşırıqları barədə yenilənən məlumatlarımız var və buna qarşı müvafiq tədbirlər hazırlayırıq”, – Zelenski bildirib.

Müdafiə naziri isə Ukrayna şəhərlərinin və cəbhəyanı logistikanın Rusiya PUA-larından qorunması istiqamətində görülən tədbirlər barədə dövlət başçısına məruzə edib. Zelenski bu sahəyə əlavə resursların yönəldilməsinin vacibliyini vurğulayıb.

“Baş Komandanla birlikdə məhz ən intensiv istiqamətlərdə müdafiəmizi gücləndirə biləcək əlavə təşkilati addımları müəyyən etdik. Baş Komandanın təklif etdiyi kadr qərarlarının hazırlanması barədə göstəriş verdim”, – Ukrayna lideri qeyd edib.

Görüş zamanı həmçinin avqustun ilk yarısında həyata keçirilən uzaqmənzilli əməliyyatların gedişi müzakirə olunub. Tərəflər qarşıdakı həftələr və sentyabr ayı üçün uzaqmənzilli zərbələrin prioritet istiqamətlərini də müəyyənləşdiriblər.
Zelenski bildirib ki, Rusiyaya vurulan və təsdiqlənən zərər Ukraynanın uzaqmənzilli əməliyyatlar kursunun düzgün seçildiyini göstərir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: