Yunan naziri İrəvana gətirən əsas səbəb – Hədəf başqa ölkədir!

“Ermənistanın Türkiyə ilə əlaqələri bərpa etmək, Azərbaycanla sülh müqaviləsi imzalamaq istiqamətində müəyyən müsbət addımlar atmaq üçün səylər göstərdiyi ərəfədə yenə bəzi dövlətlər buna qarşı gəlməyə başlayıb. Bunlardan biri də Yunanıstandır”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Yunanıstan Türkiyəyə qarşı istifadə etmək üçün Ermənistanla əlaqələri gücləndirmək istiqamətində addımlar atır:

“Ancaq Yunanıstanın elə geniş imkanları yoxdur ki, Ermənistana nəsə güclü təsiri olsun. Yunanıstan özü iqtisadi çətinliklərlə üzləşən, digər dövlətlərin yardımına ümid bağlayan ölkədir. Belə bir ölkənin digərinə nə təsiri olacaq?

Yunanıstanın müdafiə naziri Ermənistandadır- FOTO

4 mart 2024-cü il. Nikos Dendias Ermənistana səfər edib

Yunanıstanın Ermənistanla hansısa istiqamətdə ittifaq yaratması iki ölkəyə də sərf etməyəcək. Çünki hazırda hər iki ölkə Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində addımlar atmağa çalışır. Burada əsas məsələ iqtisadi və regional amillərdir. Ermənistana Türkiyə lazımdır, ya Yunanıstan? Hansının imkanları genişdir və hansı dövlət Ermənistana müsbət mənada təsir edə bilər? Əlbəttə ki, Türkiyə.

Ermənistanı idarə edən Paşinyan hökuməti Türkiyə ilə münasibətlərin inkişafında səmimidirsə hansısa bir ölkə ilə Türkiyə və Azərbaycan əleyhinə ittifaqdan qaçmalıdır. Türkiyə ilə yaxınlaşma Ermənistan üçün böyük iqtisadi divident gətirə bilər. Ermənistan bazarlarını Rusiya asılılığından xilas edə bilər. Xüsusilə geyim və qızıl-zinət biznesində Ermənistan üçün Türkiyə ilə əlaqələrin bərpasında mühüm irəliləyişlər olacaq. Paşinyan hökuməti bunu nəzərə almalıdır və ölkəsinin iqtisadi inkişafı üçün bu yolla getməlidir. Onsuz da Ermənistanda əhalinin sosial vəziyyəti ürəkaçan deyil”.

Politoloq xatırladıb ki, Türkiyə ilə Ermənistan qonşu dövlətlərdir və kommunikasiyaların inkişafı bölgə üçün mühüm irəliləyiş olar:

“Ancaq Türkiyə rəsmilərinin də dediyi kimi, bunun yolu Azərbaycanla sülh məsələsində razılığa gəlməkdən keçir. Ermənistan Azərbaycanın bütün tələblərini qeyd-şərtsiz qəbul edib sülh müqaviləsini bağlamalı və regional əməkdaşlıq mühitində iştirak etməlidir. Bu onların xeyrinə olar. Ermənistan Yunanıstan ya da hansısa digər kənar ölkənin Türkiyə və Azərbaycana qarşı qısqanclıq siyasətində iştirak etməməlidir. Belə bir siyasət Ermənistanın regional əməkdaşlıq mühitindən təcrid olunmasına gətirib çıxaracaq və ziyanına olacaq”.

Turan Rzayev
Globalinfo.az