WhatsApp Image 2024 01 19 at 17.20.57

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general-polkovnik Aleksandr Sırski bəyan edib ki, Ukrayna 1991-ci ilin sərhədlərinə çıxmaq uğrunda mübarizəni davam etdirəcək. O, Ukraynanın qələbəsinə əmin olduğunu deyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov qeyd edib ki, Sırskinin bəyan etdiyi fikirlər Ukraynanın milli strateji xəttidir:

“1991-ci il sərhədləri deyildikdə Krım, Luqansk və digər işğal olunmuş ərazilər nəzərdə tutulur. Görünür, Ukrayna fikrindən dönmək niyyətində deyil və mübarizəsini davam etdirəcək. Hələ ki Qərbdən lazım olan dəstək verilmir, amma Ukraynadakı mənbələrin məlumatına görə, Kiyev yeni silah-sursat və hərbi texnikaların istehsalını sürətləndirir. Ukrayna daha da güclənərək Rusiya ilə müharibəni geniş miqyasda davam etdirmək niyyətindədir. Qərb ölkələri və Avropa İttifaqı Ukraynaya müharibəni uzatmaq naminə dəstək verir. Ukrayna tam şəkildə silahlandırılarsa, Rusiya ilə effektiv mübarizə aparıb, ərazilərini işğaldan azad edəcək potensiala malikdir”.

rusiya ukrayna

Politoloq deyib ki, Rusiya həm yerli sənaye hesabına, həm də İran, Şimali Koreya və d. ölkələrdən silah-sursat əldə edir:

“Savaşın yaxın vaxtlarda bitməsi gözlənilmir. Ukraynanın tezliklə müharibəni dayandırmaq niyyəti yoxdur. Uzunmüddətli müharibəyə çevrilmə ehtimalı daha çoxdur. Kiyev yeni döyüş taktikalarından istifadə edir. Müharibəni kiçikçaplı dronlar vasitəsilə aparır. Ukrayna yeni ordu sisteminə keçib. Bir müddət öncə Böyük Britaniya ilə imzalanan hərbi müqavilə də öz sözünü deyir. Fikrimcə, savaş yeni fazasına qədəm qoyub”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: