Dünya iki yerə ayrılıb: Fələstinin taleyi həll edilir

“Dünya HƏMAS qruplaşmasına münasibətdə ikiyə ayrılıb. Bir qisim HƏMAS-ı terror qruplaşması kimi dəyərləndirərkən, digərləri bu təşkilatı Fələstin uğrunda mübarizə aparan savaşçı qruplaşma kimi qiymətləndirir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, HƏMAS qruplaşmasının təmsilçiləri Ankara, Moskva və Pekində görüşlər keçirir, Qətər və İrandan maliyyə əldə edirlər:

“HƏMAS təşkilatının rəhbər heyəti bugünlərdə Moskvada görüşlər keçirib. İsrail Xarici İşlər Nazirliyi Kremlin bu addımını sərt tənqid edib. Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin İsrail-Fələstin münaqişəsinin bütün tərəfləri ilə dialoq apardığını xatırladıb. HƏMAS təmsilçiləri Rusiya Xarici İşlər Nazirliyində görüşlər keçiriblər. Onlarla dialoq siyasəti yalnız Rusiyaya aid deyil. Bu qruplaşmanın nümayəndələri tez-tez Türkiyəyə də səfər edərək, türkiyəli diplomatlarla müzakirələr aparırlar. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS üzvlərini “mücahidlər” adlandırıb. Bundan sonra İsrailin Türkiyə səfirliyindəki diplomatları ölkələrinə geri çağırılıblar”.

Politoloq deyib ki, Pekinin də HƏMAS qruplaşması ilə təmasları mövcuddur:

“Ümumiyyətlə, son hadisələrə qədər Pekin İsraillə Fələstin arasında vasitəçi olmaq istəyirdi. Fələstin lideri Mahmud Abbas Pekinə səfərdən sonra İsrailin baş naziri Benyamin Netanyahu da Çin paytaxtına getməli idi, ancaq bu baş vermədi. Hazırkı şərtlər altında İsrailin Çinin vasitəçiliyinə razılaşacağı çətindir. Digər tərəfdən Pekin də Moskva və Ankara kimi İsrailin Fələstin dövlətini tanımasının zərurətini bildirib.

Vaşinqton Çinin Yaxın Şərqdə siyasətini korrektə etməsini istəyir. Çin İran neftinin əsas alıcılarındandır. Vaşinqton Pekinin Tehrana təsir etməsini və Yaxın Şərqdəki toqquşmalara müdaxiləsindən kənar olmasını arzulayır. “Reuters” agentliyinin məlumatına görə, ABŞ prezidenti Cozef Bayden bu mövzuda Çin lideri Si Szinpinlə müzakirə aparmağa çalışır. Pekin özü də ABŞ-la İran arasında qarşıdurmanın baş verməsində maraqlı deyil. Çünki bu halda neftin qiyməti kəskin şəkildə artacaq. Bu isə Çin iqtisadiyyatına mənfi təsir edəcək”.

E.Şahinoğlu Pekinin Yaxın Şərqdə gərginliyin azalması üçün böyük səy göstərməyəcəyini bildirib:

“Pekin uzaqbaşı böyük dövlətlərin Yaxın Şərqlə bağlı ortaq razılaşmasında yer alacaq. Pekinin nə İrana, nə də HƏMAS qruplaşmasına təsir etmək fikri var. Əksinə, Pekin də Moskva kimi onda maraqlıdır ki, ABŞ-ın Yaxın Şərqdə problemləri artsın. Çində nəşr olunan “Global Times” dərgisi bu iddianı təsdiq edib: “ABŞ Çini durdurmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır, bu alınmayacaq”. “The Financial Times” dərgisində yayımlanan məqalədə isə İsrailin mülki insanların öldürülməsi faktının Çini az maraqlandırdığı bildirilib. Pekin üçün önəmli olan bu hadisələr fonunda ABŞ-ın zəifləməsidir”.

Zaira Akifqızı
Globalinfo.az