Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Özbəkistana səfər edib.
Politoloq Elman Telmanoğlu Globalinfo.az-a müsahibəsində səfərlə bağlı bir sıra məqamlara aydınlıq gətirib:
– Prezident İlham Əliyevin Özbəkistana səfəri hansı aspektlərdən önəm daşıyır?
– Prezidentin Özbəkistana səfərini Azərbaycan–Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsində daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə hesab edirəm. Son illərdə Bakı ilə Daşkənd arasında siyasi dialoq yüksək dinamika qazanıb. Bu səfər də mövcud münasibətlərin daha konkret iqtisadi və regional layihələrlə zənginləşdirilməsinə xidmət edə bilər. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişləndirilməsi siyasətində Özbəkistan xüsusi yer tutur.
– Hansı məsələlərin müzakirəsi gözlənilir?
– Səfər zamanı əsas diqqətin iqtisadi-ticarət əlaqələrinə, qarşılıqlı investisiyalara, nəqliyyat və logistika layihələrinə, xüsusilə də Orta Dəhlizin inkişafına yönələcəyi gözlənilir. Bununla yanaşı, enerji, sənaye kooperasiyası, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və humanitar əməkdaşlıq da gündəmdə ola bilər. Geosiyasi baxımdan isə Cənubi Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat və iqtisadi əlaqələrinin gücləndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi mühüm istiqamətlərdən biri ola bilər.
-İki ölkə arasında bu günə qədər olan əlaqələri necə dəyərləndirirsiniz?
– Azərbaycan–Özbəkistan münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Əlaqələr artıq yalnız dostluq və qardaşlıq ifadələri ilə məhdudlaşmır, siyasi, iqtisadi, nəqliyyat, enerji, müdafiə və humanitar sahələrdə konkret əməkdaşlıq mexanizmləri formalaşıb. Xüsusilə Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması iki ölkə arasındakı siyasi etimadın yüksək səviyyədə olduğunu göstərir. Bu baxımdan Azərbaycan və Özbəkistanın regionda bir-birini tamamlayan strateji tərəfdaşlara çevrildiyini söyləmək mümkündür.
Elman Telmanoğlu
– Səfərdən sonra münasibətlərin inkişafını necə görürsünüz?
– Məncə, səfərdən sonra əsas məqsəd mövcud siyasi müttəfiqliyi daha çox praktiki və iqtisadi nəticələrlə möhkəmləndirmək olacaq. Azərbaycan Xəzər üzərindən Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən mühüm nəqliyyat qovşağıdır, Özbəkistan isə regionun böyük iqtisadi və demoqrafik potensialına malik dövlətidir. Bu iki imkanın birləşməsi həm ikitərəfli münasibətləri, həm də Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Ona görə də hesab edirəm ki, Bakı–Daşkənd münasibətləri yaxın illərdə Türk dünyasında ən mühüm və perspektivli əməkdaşlıq modellərindən birinə çevrilə bilər.
Safura Bənnayeva
Globalinfo.az