Futbolda məşhur bir ifadə var: “Məğlubiyyət yetimdir”.
Qələbənin sahibi isə çox olur: klub rəhbərliyi, transfer komitəsi, futbolçular, azarkeşlər və başqaları…
Hamı sevinir, hamı danışır, hamı həmin uğurun içində görünmək istəyir.
Məğlubiyyətə gələndə isə qəribə bir şey baş verir: hamı yoxa çıxır.
Bu yaxınlarda bir məqalə oxudum. 1950-ci ildə Nobel mükafatlı fizik Enriko Fermi kainatda yadplanetlilərin olması ilə bağlı danışarkən dəhşətli bir sual verir: “Hər kəs haradadır?”
İndi o sualı vermək istəyirəm…
“Qarabağ” uduzdu, hər kəs hara yoxa çıxdı?
Dünənki məğlubiyyətdə “Qarabağ”ın yanında dayanmadıq.
Bütün bu ağır yükü atdıq “Qarabağ”ın çiyinlərinə.
O “Qarabağ” ki, 15 ildir Azərbaycan futbolunun yükünü daşıyır.
O “Qarabağ” ki, torpaqlarımızın işğal altında olduğu illərdə öz zəfərləri ilə bizə təskinlik verib.
O “Qarabağ” ki, futbolçularına əsgər demişik.
O “Qarabağ” ki, özümüzü bizdən daha güclü olan Gürcüstan və Ermənistan milliləri ilə müqayisə edəndə “Bizim “Qarabağ”ımız var” deyib, qürurlanmışıq.
O “Qarabağ” ki, başqa komandalarımız avrokuboklarda hansısa rəqibə uduzanda “Qarabağ” olsaydı, bu komandanı darmadağın edərdi” demişik.
O “Qarabağ” ki, Azərbaycan azarkeşinin yuxusunda belə görmədiyi Çempionlar Liqasının əsas mərhələsinə iki dəfə vəsiqə qazanıb, nəhəng klubları həm Bakıda, həm də səfərdə məğlub edib.
O “Qarabağ” ki, dünyanın nüfuzlu media orqanlarında haqqında yazılar dərc olunub, Azərbaycanın adını planetin dörd bir yanında tanıdıb.
İndi o “Qarabağ” yetim qalıb.
Təbii, hamımız məyusuq. Oyunun bitməsinə cəmi 2 dəqiqə qalmış turu əldən vermək – özü də 1:4 hesabı ilə – ağırdır.
“Qarabağ”ın “Tvente” qarşısındakı məğlubiyyətindən sonra Qurban Qurbanovun da, klub rəhbərliyinin, transfer komitəsinin də ünvanına tənqidlərin səslənməsi təbiidir.
Amma xüsusilə Qurban Qurbanovla bağlı deyilən və yazılan ağır tənqidlər, təhqirlər, yumşaq desək, idman əxlaqına zidd idi.
Ölkə olaraq futbolda qazandığımız ən parlaq zəfərlərin memarı bu adamdır.
Əminəm, dünən “Qarabağ” 2 dəqiqə dözüb qol buraxmasaydı, bu gün əksəriyyət Qurbanovu qəhrəman elan edəcəkdi. Məhdud heyətlə liqa mərhələsinə qalmağı bacardı deyə.
Biz Qurbanovu 2 dəqiqəyə qurban verdik.
Əksəriyyət düşünür ki, “Qarabağ”ın dövrü başa çatdı. Qurbanovun istefa verməli olduğunu düşünənlərin də sayı artır.
Bəlkə də haqlıdırlar, amma sonra nə olacaq? Yerinə kim gələcək?
Oturuşmuş futbol mentaliteti olan bir komandadan baş məşqçini göndərmək çox vaxt fiasko ilə nəticələnir.
Bunu illərdir başqa klubların timsalında görürük.
Amma “Qarabağ”a təkcə futbol klubu kimi yanaşmamalıyıq. Çünki bu komanda artıq Azərbaycan futbolunun sərhədlərini çoxdan aşıb. Futbol isə sadəcə idman deyil. O, həm də ölkənin beynəlxalq aləmdə ciddi PR vasitəsidir. Bu sahədəki uğurlar turizmə, ölkənin tanınmasına və dünyadakı nüfuzumuza birbaşa təsir edir.
“Qarabağ” da illərdir Azərbaycanın adını bu meydanda daşıyan əsas simvoldur. Bir məğlubiyyətlə klubun sistemini alt-üst etmək nə qədər doğru olar, buna hər kəs özlüyündə cavab axtarsın.
Hələlik isə bir ağrılı həqiqət var: “Qarabağ” dünən ilk dəfə yetim qaldı. Məğlubiyyət kimi…
Aqşin Evrən
Globalinfo.az