1787766255.sabahklubu

“Sabah” klubunun Çempionlar Liqasındakı rəqibləri bəlli olub. Belə ki, Azərbaycan təmsilçisi “Barselona”, “Borussiya” Dortmund”, “Napoli” və “Slaviya Praqa” ilə evdə, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq”lə isə səfərdə qarşılaşacaq.

Maraqlıdır, “Sabah” bu qrupda neçə xal toplaya bilər?

Globalinfo.az-a danışan idman eksperti Kənan Məstəliyev deyib ki, 36 komanda arasında ən ağır qrupa düşənlərdən biri “Sabah” komandasıdır:

“Amma müsbət məqam ondan ibarətdir ki, komandamız həm evdə, həm də səfərdə böyük klublarla qarşılaşacaq. Bu, Azərbaycan futbolunun, ölkəmizin və futbol potensialımızın tanınması baxımından çox böyük fürsətdir. Təsəvvür edin, “Barselona”, “Bayern”, “Napoli” kimi dünya nəhəngləri Bakıya gələcək. Komandamız isə səfərdə Avropanın ən böyük klublarından bəziləri ilə qarşılaşacaq. Bu, Azərbaycan futbolu üçün əsl bayram olacaq və bu bayramın bir hissəsi Azərbaycanın “Sabah”ı olacaq. Biz bu prosesdən zövq almağı bacarmalıyıq”.

K.Məstəliyevin fikrincə, böyük hesablar olsa belə, bunu faciə saymaq olmaz:

“Əlbəttə, komandamız meydana çıxırsa, 11-11 mübarizə aparmalı, maksimum nəticə və mümkün qədər çox qol üçün mübarizə aparmalıdır. Böyük hesablı məğlubiyyətlər yaşansa belə, bunu faciə kimi qiymətləndirmək düzgün olmaz. Çünki qarşıdakı rəqiblər həqiqətən də çox böyük komandalardır. Nəticənin nə olmasından asılı olmayaraq, mübarizə aparmaq lazımdır”.

kenan mesteliyev 900x566 1

Kənan Məstəliyev

Xal məsələsinə gəlincə, Kənan Məstəliyev hesab edir ki, istəklərlə reallıq arasında müəyyən fərq var:

“Arzumuz 7-8, hətta 10 xal toplamaqdır. Amma reallıq ondan ibarətdir ki, komandamızın ən yaxşı halda 4-6 xal toplamaq şansı var. Rəqiblər o qədər güclüdür ki, Avropanın səviyyəli komandalarından biri belə bu qrupa düşsəydi, həmin 8 rəqibə qarşı çox xal toplaması asan olmazdı. Ona görə mən komandamız üçün 4-6 xal aralığını real hesab edirəm. Amma 1-2 xal toplansa belə, buna görə üzülmək lazım deyil. Çünki söhbət debüt edən və hələ çox gənc olan bir komandadan gedir. Bu mərhələyə qədər gəlmək özü böyük uğurdur. Əsas məqsəd böyük komandalarla keçiriləcək oyunlardan maksimum təcrübə qazanmaq və bu tarixi prosesdən zövq almaqdır. Gəlin bu oyunları Azərbaycan futbolu üçün böyük bir bayram kimi qəbul edək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: