Hindistanda bir ailənin 3 üzvünün ölümü ilə nəticələnən tükürpədici faciə baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə avqustun 21-də Maharaştra ştatında qeydə alınıb.
İlkin məlumatlara görə, dəhşətli hadisəyə 18 yaşlı gəncin kreditlə aldığı “iPhone” smartfonunun aylıq ödənişi üstündə düşən mübahisə səbəb olub. Belə ki, gənc valideynlərindən ödəniş üçün pul istəyib, lakin rədd cavabı aldıqdan sonra tərəflər arasında kəskin münaqişə yaranıb.
Mübahisədən sonra gənc təpənin zirvəsinə qalxaraq özünü aşağı atacağı ilə hədələyib. Məkan yerli sakinlər, polis və yanğınsöndürənlər tərəfindən mühasirəyə alınıb. Hüquq-mühafizə orqanlarının 3 saata yaxın davam edən danışıqlarına və səylərinə baxmayaraq, onu fikrindən daşındırmaq mümkün olmayıb.
Bu məqamda gəncin atası oğlunu xilas etmək üçün özü ona yaxınlaşıb. O, övladını uçurumun kənarından çəkib çıxarmaq istəyərkən hər ikisi müvazinətini itirərək dərin uçuruma yuvarlanıb. Ata və oğul aldıqları ağır xəsarətlərdən hadisə yerindəcə keçiniblər.
Ərinin və övladının gözləri qarşısında uçuruma yuvarlandığını görən ana isə dəhşətli şok keçirərək özünü onların arxasınca aşağı atıb.
Videoda həssas görüntülər əks olunub. Ürəyi zəif olanların baxmaması tövsiyə olunur.
