WhatsApp Image 2026 01 12 at 12.02.14

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl mediada mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin siyasətçi Nemət Pənahlını məhkəməyə verəcəyi barədə məlumat yayılmışdı. Daha sonra isə Ərturqut Əliyev bu xəbəri təkzib edib və məhkəməyə müraciət etmək fikrindən daşındığını bildirib.

Məsələnin səbəbi Nemət Pənahlının Əbülfəz Elçibəyi ittiham edən açıqlamaları, o cümlədən Meydan hərəkatı zamanı toplanmış 10 milyon manat vəsaitin Elçibəy tərəfindən mənimsənildiyini iddia etməsi olub.

Maraqlıdır, Nemət Pənahlının Əbülfəz Elçibəylə bağlı bu cür sərt və ittihamedici açıqlamalar verməsinin səbəbi nədir? Nə üçün o, illər keçməsinə baxmayaraq, Əbülfəz Elçibəyin fəaliyyəti və şəxsiyyəti ilə bağlı yeni iddialar səsləndirir?

Globalinfo.az-a danışan Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Ərturqut Əliyevlə əlaqəsi olmadığını bildirib:

“İndi nə baş verdiyini dəqiq bilmirəm. Çünki xatırlayıram ki, ilin əvvəlində Nemət Pənahlı yenidən böhtanlar səsləndirəndə Ərturqut belə bir fikir bildirmişdi”.

O.Qasımov Nemət Pənahlının Əbülfəz Elçibəyə şər atdığını deyib:

“Son dövrlərdə Nemət Pənahlı yenə də ittiham və böhtanları davam etdirir. Nemət Pənahlının Əbülfəz Elçibəyə neqativ münasibəti yeni deyil. Biz zaman-zaman Nemət Pənahlının dilindən Əbülfəz Elçibəylə bağlı müxtəlif ittiham və iftiralar eşidirik.

oqtay qasimov 11
Oqtay Qasımov

Təəssüf ki, Azərbaycan xalqının milli adət-ənənələrinə zidd olaraq, Nemət Pənahlı dünyasını dəyişmiş bir şəxs haqqında davamlı şəkildə şər, böhtan və iftira xarakterli fikirlər səsləndirib. Onun sonuncu açıqlaması da bu baxımdan diqqət çəkir. Baxmayaraq ki, zaman-zaman onun bu fikirlərinə tutarlı cavablar verilib, o, yenə də öz mövqeyində israr edir”.

Oqtay Qasımov Nemət Pənahlının Elçibəy haqda neqativ danışmasının səbəbini belə izah edib:

“Düşünürəm ki, onun Əbülfəz Elçibəyə münasibətinin kökündə müxtəlif səbəblər ola bilər. Bunun hansısa sifariş və ya təlqinlə bağlı olması da istisna edilə bilməz. Amma mənim fikrimcə, əsas səbəb Nemət Pənahlının Əbülfəz Elçibəyin Milli Azadlıq Hərəkatının lideri olmasını heç bir formada həzm edə bilməməsidir. Baxmayaraq ki, vaxtilə Nemət Pənahlı Əbülfəz Elçibəyi Naxçıvanda cəbhəçilərlə görüşlər və toplantılar zamanı publik şəkildə özünün mənəvi atası adlandırıb. Bununla bağlı çoxsaylı şahidlərin olduğu da bildirilir”.

O.Qasımovun fikrincə, Nemət Pənahlı hesab edir ki, Azərbaycanda Milli Azadlıq Hərəkatının lideri o olmalı idi, amma bu rolu Əbülfəz Elçibəy tutdu:

“Ona görə də onun daxilində, eləcə də onunla eyni mövqedə dayanan digər şəxslərdə Əbülfəz Elçibəyə qarşı belə münasibətin formalaşmasının səbəblərindən biri də bu ola bilər. Onlar davamlı şəkildə Əbülfəz Elçibəyə qarşı etik normalara, əxlaqi prinsiplərə və milli dəyərlərə zidd mövqe sərgiləyirlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: