Lerikdəki güclü yanğın söndürüldü

Lerikdə dağlıq-meşəlik ərazidəki yanğın söndürülüb.

Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Lerik Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində, təqribən, 1,5 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.

Meşə zolağı yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edib

***

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın Lerik və Yardımlı rayonları arasında yerləşən Xanagah kəndində qeydə alınıb.

Bunu APA-ya Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib.

Habil Məlikov qeyd edib ki, ərazi sıx meşəlikdir: “Hazırda bir neçə istiqamətdə yanğın müşahidə olunur və 1,5 ha ərazini əhatə edir. Güclü külək var. Şəxsi heyət yanğının qarşısını almağa çalışır”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri ərazidədir.

***

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“112” qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Əlavə məlumat veriləcək.