foto1

Tanınmış şairi Rüstəm Behrudi “AHB TV”yə müsahibəsində türkçülük ideyası, Türk Dövlətləri Təşkilatı (TDT) və din-dövlət münasibətləri barədə diqqətçəkən fikirlər səsləndirib. Şair Turan ideyasının dini əsaslar üzərində qurulmasına qarşı olduğunu bildirib.

Sitat: “Dövlət ayrıdır, din ayrıdır, millət ayrıdır. İslamla dövlət qurmaq olmaz. İslamla Turan qurmaq olmaz. Türk Birliyi milli kimlik və ortaq dəyərlər üzərində formalaşmalıdır”.

Səsləndirilən fikirlər nə dərəcədə doğrudur? Dinlə dövlət yaratmaq ideyası qəbulolunandır?

Globalinfo.az-a danışan siyasi şərhçi, tarixçi-alim Faiq Ələkbərli deyib ki, türkçülük və islamçılıq ideyalarının bir-birini tamamlaması, yaxud əksinə, bir-birinə zidd ideyalar kimi təqdim olunması yeni məsələ deyil:

“Əslində, bu müzakirələr İslam dininin türk xalqları arasında yayılmağa başladığı dövrdən mövcuddur. Lakin xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində bu debatlar daha da aktuallaşdı. Həmin dövrdə türkçülüklə islamçılığı uzlaşdırmağa çalışan fikir adamları da var idi, onları bir-birinə zidd hesab edənlər də. Tarix göstərir ki, uzlaşdırıcı yanaşma daha üstün mövqe qazanıb. Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Türkiyədən Ziya Gökalp, tatar mütəfəkkirləri Şahabəddin Mərcani və İsmayıl bəy Qaspıralı, özbək maarifçisi Mahmud Xoca Behbudi kimi şəxsiyyətlər məhz bu sintez ideyasını müdafiə edirdilər. Doğru yanaşma da budur. Türk xalqlarının və türk dövlətlərinin birliyi məsələsində islamı tamamilə kənara qoymaq, hətta onu bu birliyə maneə kimi təqdim etmək doğru deyil. Digər tərəfdən, dinin dövlət idarəçiliyinə müdaxilə etməməsi prinsipi də qorunmalıdır. Türk dövlətlərinin birliyinin ideoloji əsasında ilk növbədə türkçülük, ortaq milli kimlik və ortaq mədəni dəyərlər dayanmalıdır. Bu baxımdan Azərbaycanın üçrəngli bayrağı da çox uğurlu bir simvoldur. Onun üzərində türkçülük, müasirlik və islam mədəniyyəti bir-birini tamamlayan dəyərlər kimi əks olunub”.

faiq elekberli e1746428830450

Faiq Ələkbərli

Siyasi şərhçi qeyd edib ki, islamla dövlət quruculuğu məsələsi ayrıca mövzudur:

“Lakin islamı və ümumiyyətlə, dini türkçülüklə qarşı-qarşıya qoymaq doğru yanaşma deyil. Türkçülüklə islam arasında tarix boyu formalaşmış çoxlu ortaq dəyərlər mövcuddur. Eyni zamanda, xristian, buddist və digər dinlərə mənsub türk xalqları da ortaq milli kimlik və mədəniyyət ətrafında birləşə biliblər. Türk xalqlarının qədim inanc sistemi olan tanrıçılıq da bu tarixi irsin bir hissəsidir. Tarixə baxdıqda görürük ki, Osmanlı dövləti türkçülüklə islamın müəyyən sintezinə əsaslanırdı. Çingiz xanın varislərinin bir hissəsi sonradan islamı qəbul etdi. Bu faktlar göstərir ki, islam türk dövlətçilik ənənəsində problem deyil, əksinə, tarixi inkişafın tərkib hissələrindən biri olub. Bununla yanaşı, Osmanlıda, Səfəvilərdə, Teymurilər dövlətində və digər türk dövlətlərində yalnız müsəlmanlar yaşamırdı. Həmin dövlətlərdə xristianlar, yəhudilər və başqa dini icmalar da mövcud idi. Bu isə göstərir ki, türk dövlətçilik ənənəsi müxtəlif dinlərin birgə yaşamasına əsaslanıb. Ona görə də İslamı türk dövlətlərinin birliyi üçün maneə kimi təqdim etmək düzgün deyil. Əksinə, müsəlman türk toplumlarını da bu birliyin mühüm tərkib hissəsi kimi qəbul etməli, ortaq dəyərlərdən çıxış etməliyik. Əgər məqsədimiz gələcəkdə türk dövlətləri arasında daha güclü birlik yaratmaq və türk dünyasının qlobal gücə çevrilməsinə töhfə verməkdirsə, bunu yalnız ortaq milli kimliklə yanaşı, müxtəlif dini, mədəni dəyərləri uzlaşdıran yanaşma əsasında həyata keçirmək mümkündür”.

Dinşünas Tural İrfan isə bildirib ki, islam dini artıq bütün türk dövlətlərinin və xalqlarının ayrılmaz mənəvi dəyərlərindən birinə çevrilib:

“Buna görə də istənilən birlikdə və ya ittifaqda bu dəyəri tamamilə kənara qoymaq nə realdır, nə də faydalıdır. Əsas məsələ hansı prinsiplərin rəhbər tutulmasıdır. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsi, üzv ölkələrin yaxınlaşması və ortaq dəyərlər ətrafında əməkdaşlığının genişlənməsi üçün əsas prinsiplər düzgün müəyyənləşdirilməlidir. Müasir dövrdə millətçilik anlayışı da dəyişib. Qloballaşan dünyada orta əsrlərə yaxud XX əsrin əvvəllərinə xas olan şovinist və radikal millətçilik artıq qəbul edilmir. Tarix göstərdi ki, bu cür yanaşmalar böyük faciələrə, müharibələrə və qarşıdurmalara səbəb olub. Buna görə də türkçülükdən danışarkən onu müasir, birləşdirici və sivil məzmunda başa düşmək lazımdır. Eyni zamanda, dindən tamamilə imtina etmək də doğru yanaşma deyil. Əlbəttə, əgər söhbət dövlətlərarası siyasi ittifaqdan gedirsə, din orta əsrlərdə olduğu kimi dövlət idarəçiliyinin əsas prinsipi ola bilməz. Osmanlı və Səfəvi dövlətlərinin təcrübəsi göstərir ki, problem dinin özündə deyil, məzhəbçiliyin dövlət ideologiyasına çevrilməsində olub. Həmin yanaşmanın mənfi nəticələrini bu gün də müəyyən mənada yaşayırıq”.

Tural Irfan

Tural İrfan

Dinşünas əlavə edib ki, türk birliyində əsas meyar hansı dəyərin daha çox birləşdirici rol oynamasıdır:

“Bu, həm milli, həm dini, həm də mənəvi irs ola bilər. Əsas odur ki, həmin dəyər qarşıdurmaya deyil, inkişafa və birliyə xidmət etsin. Bu səbəbdən islamı türk dünyasını birləşdirən əsas amillərdən biri hesab edirəm. Birinci amil ortaq soyumuz, tariximiz və milli kimliyimizdirsə, ikinci mühüm amil islam dinidir. Çünki türk xalqlarının böyük əksəriyyəti bu dini paylaşır. Lakin dinin siyasiləşdirilməsi, məzhəbçiliyin ön plana çəkilməsi və radikal dini qrupların təsiri ciddi təhlükə yaradır. Problem islamda deyil, onun təhrif olunmuş və siyasi məqsədlərlə istifadə edilən formalarındadır. Əgər din məzhəbçilik və radikalizm üzərində qurularsa, təbii ki, bu, türk birliyinə xidmət etməyəcək, əksinə, parçalanmaya səbəb olacaq. Bu gün müxtəlif xarici təsirlər, radikal dini cərəyanlar və məzhəbçilik türk dünyası üçün də risk yaradır. Əgər gələcəkdə türk dövlətləri arasında ortaq dini yanaşma formalaşdırılsa, məzhəbçilik arxa plana keçirilsə və din birləşdirici dəyər kimi təqdim olunsa, bu, Türk Dövlətləri Təşkilatının inkişafına ciddi töhfə verə bilər”.

T.İrfanın sözlərinə görə, tarixi şəxsiyyətlər keçmişin reallığı kimi qiymətləndirilməli, onların irsi bugünkü birlik ideyasına xidmət edəcək şəkildə dəyərləndirilməlidir:

“Əks halda, bu birlik yalnız formal xarakter daşıyacaq və biz həqiqi mənada birləşə bilməyəcəyik. Məhz buna görə də bizi ayıran, parçalanmaya səbəb olan yanaşmalardan uzaqlaşmalıyıq. Eyni zamanda, xanlıqlar dövründən qalan düşüncə tərzindən, dar və lokal təfəkkürdən də xilas olmalıyıq. Təəssüf ki, son dövrlərdə bəzi jurnalistlər, siyasətçilər və ictimai xadimlər hələ də bu köhnə düşüncə tərzinin təsiri altındadırlar. Bu məsələdə yanaşmalar daha obyektiv olmalıdır. Din məsələsinə də necə yanaşmağımız həlledici əhəmiyyət daşıyır. Əgər dinə sağlam, düzgün və birləşdirici yanaşma sərgilənərsə, o, türk dünyasının birliyinə maneə deyil, əksinə, mühüm töhfə verə bilər. İslam artıq əsrlərdir türk xalqlarının böyük əksəriyyətinin mənəvi həyatının ayrılmaz hissəsinə çevrilib. Bu reallığı nəzərə almadan ortaq birlik modeli qurmaq mümkün deyil. Ona görə də dini tamamilə kənara qoymaq əvəzinə, onu mənəvi dəyərlər sistemi kimi, türk dünyasının yaxınlaşmasına xidmət edən amil kimi dəyərləndirmək daha məqsədəuyğundur. Əsas məsələ ondan düzgün istifadə etmək, onu qarşıdurma yox, əməkdaşlıq və həmrəyliyin vasitəsinə çevirməkdir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: