qiz 1

Bakı Qızlar Universitetinin fəaliyyətini dayandırması ali təhsillə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə səsləndirilən fikirlərdən biri də budur ki, Azərbaycanda universitetlərin, xüsusilə özəl ali təhsil müəssisələrinin sayı onsuz da azdır. Bu baxımdan, bəziləri universitetin bağlanması əvəzinə islah olunmasının daha məqsədəuyğun olduğunu düşünür. Digərləri isə keyfiyyət tələblərinə cavab verməyən ali məktəblərin fəaliyyətini davam etdirməsinin doğru olmadığını bildirirlər.

Həqiqətən ölkədə universitetlərin sayı azdır? Bakı Qızlar Universiteti keyfiyyət tələblərinə cavab vermirdi?

Globalinfo.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli deyib ki, cəmiyyətdə bu məsələyə fərqli yanaşmaların olması tamamilə təbiidir:

“Lakin statistik göstəricilər və təhsilin real keyfiyyəti prizmasından baxdıqda mənzərə daha aydın görünür. Əvvəla, “ölkədə universitetlərin sayı azdır” fikri nisbi anlayışdır. Məsələyə yalnız əhalinin sayına düşən ali təhsil müəssisələrinin nisbəti baxımından yanaşsaq, bəzi Avropa ölkələri ilə müqayisədə bu rəqəm az görünə bilər. Ancaq ali təhsildə əsas meyar kəmiyyət deyil, keyfiyyət və təhsilin əhatə dairəsidir. Burada vacib göstərici universitetlərin sayından başqa, onların tələbə tutumu, infrastruktur imkanları, elmi-pedaqoji kadr potensialı və əmək bazarının tələblərinə nə dərəcədə cavab verməsidir. Azərbaycanda problem universitetlərin sayının azlığında deyil. Problem bəzi dövlət və özəl ali təhsil müəssisələrinin illərlə müasir təhsil standartlarından geri qalmasında, elmi tədqiqat potensialının zəifliyində, kadr hazırlığında ciddi çatışmazlıqların mövcud olmasındadır”.

emar

Əmrah Həsənli

Təhsil eksperti bildirib ki, hər bir təhsil müəssisəsinin yenilənməsi və idarəetməsinin sağlamlaşdırılması arzuolunandır:

Lakin lisenziyanın ləğvi və ya fəaliyyətə xitam verilməsi bir günün içində qəbul olunan qərar deyil. Akkreditasiya prosesi müəssisəyə çatışmazlıqları aradan qaldırmaq, fəaliyyətini yaxşılaşdırmaq üçün kifayət qədər vaxt və imkan yaradan hüquqi prosedurdur. Əgər ali təhsil müəssisəsi 35 illik fəaliyyəti ərzində, xüsusən də son illərdə dövlətin müəyyən etdiyi keyfiyyət standartlarına uyğunlaşa, kadr və infrastruktur bazasını yeniləyə bilməyibsə, artıq islahat imkanlarının tükəndiyini qəbul etmək lazımdır. Keyfiyyət tələblərinə cavab verməyən, formal şəkildə diplom verən bir müəssisənin fəaliyyətini davam etdirməsi ilk növbədə həmin ali məktəbi seçən gənclərin gələcəyinə, eyni zamanda ölkənin ali təhsil sisteminin nüfuzuna zərbə vurur”.

Ə.Həsənli qeyd edib ki, bu qərar digər ali təhsil müəssisələri üçün də ciddi mesaj olmalıdır:

“Dövlətin ali təhsildə keyfiyyətə nəzarəti gücləndirməsi, lisenziyalaşdırma və akkreditasiya tələblərini daha prinsipial şəkildə tətbiq etməsi doğru strategiyadır. Müəssisə bağlana bilər, əsas məsələ isə tələbələrin hüquqlarının qorunması və ali təhsil sisteminin sağlamlaşdırılmasıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: