İranın regiondakı fəaliyyəti və Azərbaycanda mümkün təsir imkanları ilə bağlı müzakirələr fonunda təhlükəsizlik məsələləri yenidən gündəmə gəlib. Bu kontekstdə dini inanc adı altında fəaliyyət göstərən qruplara qarşı görülən tədbirlər, eləcə də media, QHT və siyasi mühitdə xarici təsirlərin qarşısının alınması üçün hansı mexanizmlərin tətbiq oluna biləcəyi maraq doğurur.
Azərbaycandakı İran agenturası ilə bağlı hansı tədbirlər görülür? Dini inanc adı altında Azərbaycan əleyhinə fəaliyyət göstərən çevrələr, şəxslər, rəy liderləri ətrafında nə kimi tədbirlər görüləcək? Mediada, QHT sektorunda, siyasi partiyalarda və s. strukturlarda ictimai rəyi manipulyasiya edən, gerçək kimliklərini gizlədib, əslində İranın xeyrinə fəaliyyət göstərən şəxsləri neytllaşdırmaq, düz yola çəkmək üçün hansı təsirli tədbirləri görmək olar?
Globalinfo.az-a danışan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, xarici ölkələrin agentura şəbəkələrinə qarşı ciddi mübarizə aparılır:
“Xüsusilə dini zəmində məzhəbçilik, radikalizm və digər təxribatçı fəaliyyətlə məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi (DİN) mühüm addımlar atır, onların zərərsizləşdirilməsi istiqamətində ardıcıl işlər görür. Ancaq etiraf etməliyik ki, ideoloji fəaliyyətimiz hələ də zəifdir. Bu isə göstərir ki, dini sahəni, din siyasətini və ideoloji mübarizəni yaxşı bilən peşəkar insanların hazırlanmasına və dəstəklənməsinə ehtiyac var. Təəssüf ki, bəzən cəhaləti yayanlara müxtəlif yollarla dəstək verildiyi halda, cəhalətə qarşı mübarizə aparan ziyalılar və maarifçi insanlar maddi imkansızlıq içində fəaliyyət göstərirlər. Halbuki onlar, xüsusilə də xarici agentura şəbəkələrinin sosial media üzərindən apardığı təbliğata qarşı fədakarcasına mübarizə aparırlar. Bu yanaşma dəyişməlidir. Azərbaycanın sosial şəbəkə məkanı böyük ölçüdə belə təbliğatın təsiri altındadır. Ayrı-ayrı vətənpərvər şəxslər bu istiqamətdə mübarizə aparsalar da, onların səyləri kifayət etmir. Xüsusilə din mövzusunda daha peşəkar və səviyyəli maarifləndirmə işi aparılmalıdır”.

Fazil Mustafa
Komitə sədri qeyd edib ki, bəzən rəsmi qurumların yanaşmalarında da problemlər müşahidə olunur:
“Ənənəvi din” anlayışı altında bəzi hallarda xarici təsir şəbəkələrinin fəaliyyət imkanlarının genişlənməsinə şərait yaranır. İstər dini qurumlara, istərsə də dini icmalara verilən adlar və bu sahədəki digər yanaşmalar yenidən nəzərdən keçirilməlidir. Bu məsələlərə dünyəvi dövlət prinsipləri əsasında yanaşmaq lazımdır. Dövlət dinin işinə qarışmamalıdır. Lakin dini inanc adı altında dünyəvi dövlətin prinsipləri pozulduqda, dövlət qanunun aliliyini təmin etməli və öz sərhədlərini qorumalıdır. Bu istiqamətdə qanunvericiliyin də təkmilləşdirilməsinə ehtiyac var. Çünki ilk növbədə hüquqi baza daha da möhkəmləndirilməlidir. Məsələ kifayət qədər ciddidir. Xüsusilə regionda baş verən gərginlik fonunda yaranan nifrət və təbliğatın bir hissəsi artıq Azərbaycan cəmiyyətinə yönəlib. Eyni zamanda, bəzi ziyalı kimi təqdim olunan şəxslərin tarix mövzusu üzərindən irançılıq ideyalarına xidmət edən və İranın təbliğatına uyğun tezislər irəli sürdüyü də müşahidə olunur. Buna görə də bu tezislərə diqqətlə yanaşılmalıdır.
Deputat vurğulayıb ki, əgər dəyər və ideoloji istinad nöqtəsi kimi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) irsini daha ardıcıl şəkildə ön plana çıxara bilmiriksə, bu, informasiya məkanında tarix mövzusu üzərindən ölkəmizə qarşı təbliğat aparan qüvvələr üçün əlavə imkanlar yaradır:
“Bunun da cəmiyyətə ciddi təsiri var. Məhz buna görə də kompleks tədbirlər proqramı hazırlanmalı və həyata keçirilməlidir. Məqsəd həm bu sahədə irəliləyişə nail olmaq, həm də dövlətin milli təhlükəsizliyini daha etibarlı şəkildə qorumaqdır. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) kibertəhlükəsizlik, dini radikalizm və xarici təsir şəbəkələrinə qarşı mübarizə istiqamətində mühüm fəaliyyət göstərir. DİN də bu məsələyə xüsusi həssaslıqla yanaşır və müxtəlif bölgələrdə radikal təmayüllərin qarşısının alınması üçün tədbirlər həyata keçirir. Bu mübarizə təkcə İran yönümlü fəaliyyətlərə deyil, həm Rusiyadan qaynaqlanan təsirlərə, həm də radikal vəhhabi qruplaşmalarına qarşı yönəlib. Bu səbəbdən ölkənin təhlükəsizliyinin qorunması istiqamətində düşünən, mövqeyi olan insanlar daha fəal dəstək verməlidirlər. Mövzunu dərindən bilməyən şəxslərin isə əsassız fikirlərlə çıxış etməsi xarici agentura şəbəkələrinin təsir imkanlarını genişləndirə bilər. Buna görə də bu sahədə səsləndirilən hər bir tezis diqqətlə təhlil edilməlidir”.
Siyasi şərhçi Azər Həsrət isə bildirib ki, Azərbaycan dövləti qonşu ölkələrlə, xüsusilə də İranla münasibətlərə böyük önəm verir:
“Biz bu əlaqələrin zədələnməməsi üçün daim çalışırıq. Təəssüf ki, İran tərəfi bu xoşməramlı yanaşmanı fərqli qiymətləndirərək Azərbaycanda din pərdəsi altında agentura şəbəkəsi formalaşdırmağa çalışır. Uzun illər ərzində ölkədə İrana bağlı, özlərini dindar kimi təqdim edən, əslində isə dini siyasi və başqa məqsədlər üçün alətə çevirən geniş bir şəbəkə yaranıb. Əvvəlki illərdə bu şəbəkənin fəaliyyəti daha açıq və təhlükəli idi. Onlar ictimai narazılıq yaratmağa, insanları qarşıdurmaya sövq etməyə cəhd göstərirdilər. Dövlət vaxtında lazımi tədbirlər gördü və bu şəbəkənin böyük hissəsini zərərsizləşdirə bildi. Lakin bu, problemin tam aradan qalxdığı anlamına gəlmir. İrana bağlı müəyyən qruplar hələ də fəaliyyət göstərməyə çalışırlar. Dövlət bu məsələyə balanslı yanaşır. Bir tərəfdən vətəndaşların dini etiqad azadlığının qorunmasına təminat verir, digər tərəfdən isə din və məzhəb anlayışlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarının fəaliyyətindən ayrılması üçün sistemli tədbirlər həyata keçirir. Bu məqsədlə maarifləndirmə işi aparılır, qanunun tələblərini qəbul etməyənlərə qarşı isə hüquqi tədbirlər görülür. İnsanlara izah olunur ki, heç kimin dini və məzhəbi ilə bağlı problem yoxdur. Azərbaycan dövləti hər kəsin dini etiqadını sərbəst şəkildə yaşamasına şərait yaradır. Ancaq din və məzhəb adı altında xarici dövlətə xidmət etmək, başqa ölkənin siyasi rəhbərliyinə sədaqət nümayiş etdirmək artıq dini yox, dövlət təhlükəsizliyi məsələsidir. Belə hallara nə dövlət, nə də cəmiyyət dözümlə yanaşa bilər”.

Azər Həsrət
Onun sözlərinə görə, dövlət ilk növbədə yumşaq güc vasitələri ilə bu insanları qanun çərçivəsində fəaliyyət göstərməyə və düzgün yola dəvət etməyə çalışır:
“Lakin bu yanaşma nəticə vermədikdə qanunun sərt üzü tətbiq olunur. Heç kim istəməz ki, xüsusilə də eyni dini dəyərləri bölüşdüyünü iddia edən qonşu dövlət Azərbaycanın daxili işlərinə müdaxilə etsin və pozuculuq fəaliyyəti ilə məşğul olsun. Dövlət insanların dini ibadətlərini rahat şəkildə yerinə yetirməsi üçün bütün şəraiti yaradır. Təəssüf ki, İran bu azadlıqlardan sui-istifadə edərək bəzi insanları din və məzhəb adı altında təsiri altına salmağa, onları Azərbaycan dövlətinə qarşı yönləndirməyə çalışır. Sosial şəbəkələrdə də bunun nümunələrinə rast gəlinir. Özlərini şiə məzhəbinin davamçısı kimi təqdim edən bəzi şəxslər Azərbaycan dövlətinə qarşı düşmənçilik ritorikası sərgiləyirlər. Halbuki onlar Azərbaycan vətəndaşlarıdır və məhz öz dövlətlərinə qarşı çıxış edirlər.
Ona görə də din adı altında manipulyasiya edən, dini xarici dövlətlərin maraqları naminə alətə çevirən hər kəs qanun qarşısında məsuliyyət daşımalıdır. Dövlət ilk növbədə maarifləndirmə və dialoq yolunu seçməlidir. Ancaq bundan nəticə çıxarmayanlara qarşı qanunun tələbləri tətbiq olunmalıdır. Azərbaycan heç vaxt kənar qüvvələrin öz maraqları naminə qarışıqlıq yarada biləcəyi ölkə olmayıb və olmayacaq. Buna nə dövlət, nə də sağlam düşüncəli Azərbaycan vətəndaşları imkan verər”.
Ləman İmran
Globalinfo.az