Vardanyanın sirri açıldı: Putinin ondan imtinasının ŞOK SƏBƏBİ – FOTO

Sentyabrın 27-si Laçın yolu vasitəsilə Ermənistana keçmək istəyərkən saxlanılan erməni milyarder Ruben Vardanyanın həbsi regionda ciddi rezonans doğurdu.

Kremlə yaxınlığı ilə seçilən milyarderin qolunda qandalla Bakıya gətirilməsi Cənubi Qafqaz və regionda maraqlı olan digər qüvvələrin siyasi dairələrində müzakirə mövzusu oldu. Saxlanılması bir çox platformalarda “Putin Vardanyanın qələmini qırdı” başlığı ilə gündəmə gəldi.

Son dəqiqəyə qədər erməni siyasətçilər və rus ekspertlər Vardanyanın sülhməramlılar vasitəsilə Qarabağdan çıxarılacağını iddia edirdilər. Hətta keçmiş qondarma rejimin nümayəndəsi Samvel Babayan Qarabağdan İrəvana köçdükdən sonra Vardanyanın sülhməramlıların helikopterində Qafana keçəcəyini demiş, onu Kremlə işləməkdə günahlandırmışdı.

Bəs Putin və Vardanyan arasında nə baş verdi? Keçmiş rus milyarder necə oldu ki, Kreml üçün əhəmiyyətini itirdi?

Globalinfo.az bildirir ki, “Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi və “Skolkovo” biznes məktəbinin təsisçisi Ruben Vardanyan 2022-ci ilə kimi dünyanın ən varlı adamları siyahısında yer alıb.

“Forbes”in son qiymətləndirməsində onun sərvətinin 1,2 milyard dollar olduğu qeyd edilir.

R.Vardanyan 2022-ci ilin dekabrında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçənə kimi siyahıda “rus milyarder” kimi yer alıb, sonra “erməni milyarder” olaraq dəyişdirilib.

Onun adı Rusiyanın ən nüfuzlu adamlarının hesabına ofşor şirkətlər vasitəsilə gizli şəkildə pul köçürməkdə hallanır. Hətta həmin şəxslərdən birinin Putinin dostu Sergey Roldugin olduğu bildirilir.

Lakin Ukrayna müharibəsi başladıqdan bir neçə ay sonra onun Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçməsi və keçmiş qondarma rejimin “dövlət naziri” təyin olunması hər şeyi dəyişib. Vardanyanın vətəndaşlıqdan imtina etməsi Kremllə münasibətlərində çat yaradan amil kimi dəyərləndirilir. O, Rusiya-Ukrayna müharibəsinin başlamasından bir neçə ay sonra – iyunda Ermənistan pasportu aldığını açıqlayıb və Qarabağa köçüb.

Ukraynadakı müharibəyə görə rus milyarderlərin bütün dünyada sanksiyalarla üzləşdiyi, Avropa banklarındakı aktivlərinin dondurularaq həmin ölkənin büdcəsinə keçirildiyi bir vaxtda Vardanyanın bu addımı Moskvada xüsusi diqqət çəkib.

Vardanyan vətəndaşlıqdan imtina etsə də, biznesi və mülkləri Rusiyada qalıb. O, mülklərini ailə şirkətləri və yaxın tərəfdaşları arasında bölüşdürərək onların hesabına keçirib. Əlində qalan miqdarı isə Qarabağa yatırıb. Əvvəllər Rusiyaya investisiya cəlbində mühüm işlər gördüyü deyilən Vardanyan artıq bütün diqqətini Qarabağa yönəldib.

Onun vətəndaşlıqdan imtinası Vladimir Putin tərəfindən 2022-ci ilin dekabrında təsdiqlənib. Vardanyan 2023-cü ilin yanvarında “Meduza” adlı müxalif və Rusiyada fəaliyyətinə qadağa qoyulan, vətəndaşların VPN-lə giriş etdiyi rus informasiya saytına müsahibə verib. O, müsahibəsində Qarabağda gördüyü işlər, vətəndaşlıqdan imtina və müharibə fonunda Rusiyadan qaçması ilə bağlı iddialara cavab verib. Vardanyan bütün bunları “çətin idi, lakin bu addımı atmalı idim. Riskləri gözə almışdım. Qarabağda vəziyyət gərgin idi və orada olmalı idim” sözləri ilə əsaslandırıb.

Müsahibə zamanı jurnalistin “Qarabağda ermənilər sülhməramlıların fəaliyyətindən narazıdır, bəs siz necə dəyərləndirirsiniz?” sualını riskli hesab etdiyi üçün cavab verməyəcəyini bildirib və “yanımızda iki rus əsgəri var, onlara daş atmağımı istəyirsən?” deyib.

O, daha sonra rus sülhməramlılarının sayının artırıla biləcəyini, hətta hindistanlı, yaxud hər hansı Avropa ölkəsindən başqa sülhməramlı qüvvələrin də gəlməsini istədiyini qeyd edib. Bildirib ki, hər şey “artsax” üçündür. Əvvəllər daha çox Rusiyanın prosesdə iştirakını vurğulayan milyarder sonradan ABŞ və Fransanın varlığının vacibliyindən bəhs etməyə başlayıb.

Sentyabrın 27-dən bu yana Ermənistan mediası dəfələrlə Moskvaya Vardanyanın azad edilməsi üçün hər hansı addımın atılıb-atılmayacağı ilə bağlı sual ünvanlayıb. Lakin Kreml sözçüsü, Rusiya XİN və Vladimir Putin Vardanyanın Rusiya vətəndaşı olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Kreml son rəsmi açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Bişkekdə keçirilən görüşü zamanı Ruben Vardanyanın taleyinin müzakirə edilmədiyini açıqlayıb.

Terrorçuluğu maliyyələşdirməkdə ittiham olunan Vardanyan haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ayşən Mustafa
Globalinfo.az