baki azerbaycan bayraq 1

“Hər bir müstəqil dövlətin öz ideologiyasını, siyasi kursunu və inkişaf modelini müəyyənləşdirmək hüququ var. Bu hüquqa kənardan təsir göstərilməsi, xüsusilə də ideoloji mülahizələr vasitəsilə başqa bir ölkənin daxili proseslərinə müdaxilə cəhdləri sağlam qonşuluq münasibətləri ilə uzlaşmır”.

Bu sözləri Globalinfo.az-a deputat Samir Vəliyev deyib.

O bildirib ki, qonşuluq münasibətləri qarşılıqlı maraqlar, bərabərlik və suverenliyə hörmət prinsipləri əsasında qurulmalıdır:

“Başqa yanaşma olduqda etimad zəifləyir, cəmiyyətdə haqlı narazılıqlar və ikitərəfli münasibətlərdə gərginlik yaranır. Digər dövlətlərin daxili işləri haqqında mühakimə yürütməkdənsə, hesab edirəm ki, bu problemlərin həllinə üstünlük vermək daha konstruktiv yanaşma olardı. Heç bir dövlət başqa bir müstəqil ölkəyə öz siyasi və ideoloji baxışlarını diktə etmək hüququna malik deyil. Azərbaycanla bağlı məsələlərdə ən düzgün mövqe, təbii ki, ölkəmizin suverenliyinə və xalqımızın seçimlərinə hörmətlə yanaşmaqdır”.

samir veliyev

Samir Vəliyev

S.Vəliyev vurğulayıb ki, diplomatiyanın əsas məqsədi qarşı tərəfə dərs vermək deyil, fikir ayrılıqlarını qarşılıqlı hörmət çərçivəsində həll etməkdən ibarətdir:

“Azərbaycan üçün əsas məsələ, milli suverenliyimizin, dövlət müstəqilliyimizin və milli maraqlarımızın qorunmasıdır. Bizim milli ideologiyamızın təməlində həmrəylik və ictimai birlik dayanır. Təhlükəsizlik və gələcək inkişaf üçün milli ideologiyamız mühüm əhəmiyyət daşıyır. Bununla belə, milli birliyin qorunması yalnız xarici təzyiqlərə reaksiya verməklə deyil, həm də cəmiyyətdə qarşılıqlı etimadın, milli məsuliyyətin və dövlətçilik şüurunun gücləndirilməsi ilə mümkündür. Bu gün istər regionda, istərsə də dünya miqyasında Azərbaycanın ciddi və aparıcı rolu, təbii ki, bir çox dairələri və ölkələri qane etmir. Onlar bu uğuru həzm edə bilmir və milli ideoloji problemlər yaratmaq üçün bu və ya digər vasitələrdən, müxtəlif alətlərdən istifadə etməyə çalışırlar. Bu addımların heç biri fayda verməyəcək və görülən işlər nəticəsiz qalacaq”.

Deputat əlavə edib ki, İranda təxminən 40 milyon azərbaycanlı öz ana dilində təhsil ala bilmir:

“Bu ölkənin hakimiyyəti onları öz ana dilində təhsil almaq hüququndan məhrum edib. Halbuki İran konstitusiyasında digər xalqların ana dilində təhsil almaq hüququ təsbit edilib. İranlı nazir ilk növbədə cavab versin ki, niyə azərbaycanlılara qarşı belə addımlar atırlar. Necə olur ki, İranda yaşayan ermənilər və digər xalqlar öz dillərində təhsil ala bilir, amma azərbaycanlılar yox? Əslində, bu fakt İran rejimi tərəfindən məqsədli şəkildə həyata keçirilir və azərbaycanlıları assimilyasiyaya uğratmaq məqsədi daşıyır.

Bir sıra zərərli dini cərəyanların ölkəmizə İran tərəfindən yönləndirilməsi də yeni məsələ deyil. Azərbaycanın təhlükəsizlik orqanları dəfələrlə belə faktları aşkara çıxarıb. Azərbaycan dünyəvi dövlətdir və öz qanunvericiliyinə uyğun addımlar atır. Heç kimin, o cümlədən İranın daxili işlərimizə qarışmağa ixtiyarı yoxdur. Yaxşı olar ki, iranlı nazir də yersiz çıxışlar əvəzinə, öz problemləri ilə məşğul olsun”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: