Vardanyan Xankəndidə Bakını hiddətləndirəcək bəyanat yaydı

Ruben Vardanyan Qarabağdan getməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu gün bəyanat yayan Vardanyan Qarabağda hansı istiqamətlərdə fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

Bəyanatda Vardanyanın öz fəaliyyətini “Biz və bizim dağlar” fondu çərçivəsində həyata keçirəcəyi qeyd edilib. O, qondarma rejimdə 8 istiqamət üzrə “layihələrin” həyata keçiriləcəyini bildirib. Bu istiqamətlər sırasında “subyektivliyin gücləndirilməsi”, “təhlükəsizlik və müdafiə”, “etibarlı mülki müdafiənin yaradılması”, “yeni iqtisadi sistemin formalaşdırılması”, “hibrid müharibəyə müqavimət”, “rəqabət qabiliyyətli təhsil sisteminin yaradılması” daxil edilib.

Vardanyan müraciətində separatçıların “rəhbərliyini” təhdid etməkdən də çəkinməyib. O, “hakimiyyətin” şəffaflığının təmin edilməsinin önəmli olduğunu və Qarabağda qaldığı müddətdə separatçıların “rəhbərliyinin” buna əməl etməsinə çalışacağını bildirib.

Bakıya da söz atmaqdan çəkinməyən Vardanyan Qarabağda “qırmızı xətlərə” əməl edilməsinin önəmli olduğunu deyib.

İlkin Həsənov
Globalinfo.az