Un kəskin bahalaşdı: çörəyin yeni qiyməti… – AÇIQLAMA

b0a60403 8042 4768 855f 5c22381244bc

Bir neçə gün öncə 25 manata satılan 50 kiloqramlıq unun qiyməti bu gündən 27 manat 80 qəpik olub. Unun bahalaşması çörəyin qiymətinə necə təsir edəcək?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, insanlar bilməsə də, bəzi yerlərdə çörəyin qiyməti artırılıb.

Onun sözlərinə görə, qiyməti çəkini azaltmaqla artırmış olurlar:

“Adətən, unun qiyməti artırılanda çörəyin qiyməti dərhal artırılmır. Sadəcə, çörəyin çəkisindən 30-50 qram azaldılır. Nəticə etibarilə faktiki olaraq çörək eyni qiymətə satılsa da, çəkinin azalması ilə qiymət artmış sayılır. Çəkinin azalması özü də qiymət artımı deməkdir”.

İqtisadçı deyib ki, qiyməti uzun müddət belə saxlamaq mümkün olmayacaq:

“Çünki bir neçə həftə əvvəl Rusiya və Qazaxıstanda sel oldu deyə onların taxıl sahələrinə kifayət qədər böyük həcmdə ziyan dəydi. Biz də taxılı Rusiyadan, son vaxtlar isə əsasən Qazaxıstandan alırdıq. İstər-istəməz taxıl istehsalının azalması qiymətləri artıracaq. Bu da o deməkdir ki, yaxın həftələrdə unun, taxılın qiymətində növbəti artımlar ola bilər. Nəticə etibarilə qiyməti çəki ilə tənzimləmək olmayacaq. Düşünürəm ki, çörəyin qiymətinin artırılması zərurəti yaranacaq. Belə olan halda isə ən azı 10 qəpik və ya 15 faiz civarında artım gözlənilir”.

Zaira Akifqızı
Globalinfo.az