Ölkədə intensiv əməliyyatlar aparılır – Onları “gizli əl” qoruyur?

Dövlət qurumlarında, xüsusən İcra Hakimiyyətlərində (RİH) mütəmadi olaraq antikorrupsiya əməliyyatları keçirilir. Adətən belə əməliyyatlar zamanı 5-ci dərəcəli məmurlar həbs edilir, amma birinci, ikinci dərəcəli vəzifə sahiblərinə toxunulmur. Bu məsələ ictimaiyyətdə zaman-zaman müzakirə edilir və əməliyyatların şəffaflığı haqqında müxtəlif fikirlər səsləndirilir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, burada hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz:

“Məsələn, 5-ci dərəcəli bəzi məmurlar vəzifələrindən sui-istifadə edərək rüşvət alırlar. Elə olur, aşağı vəzifəli məmur rüşvət aldıqdan sonra sənədləri aparıb əsas vəzifə sahibinin qarşısına qoyur ki, imza atsın. O da işçisinə inandığı üçün çox vaxt sənədi oxumadan imzalayır.

Aşağı vəzifəli məmurlar aldığı rüşvətdən “yuxarı”ya verərlərsə, rəhbər şəxslər də məsuliyyətə cəlb oluna bilər. Rüşvət alan şəxs ifadəsi zamanı aldığı pullardan qurum rəhbərinə də verdiyini deyərsə və bu, sübuta yetirilərsə, o zaman birinci dərəcəli məmuru da cinayət məsuliyyətinə cəlb edərlər. Amma ortada sübut olmazsa, məsuliyyətə cəlb olunması mümkün deyil.

Qeyd edim ki, bir neçə rayonun icra başçısı həbs olunub. Yəni yalnız kiçik vəzifə sahibləri cəzalandırılmır”.

Zaira Akifqızı
Globalinfo.az