Ukrayna savaşının ən böyük müəmması – Nələr baş verir?

ABŞ və Almaniya Ukraynaya döyüş tankları göndərməkdən yayınırlar. ABŞ rəsmiləri tankların mürəkkəb idarəetməyə malik olmasını və ukraynalı hərbçilərin təlimlərinin uzanmasını əsas gətirirlər.

Ukrayna isə bildirir ki, qoşunların işğalçı rus qüvvələrinin artan təzyiqlərinə məruz qaldığı bir vaxtda Qərb silahların çatdırılmasını sürətləndirməlidir.

Maraqlıdır, Qərbin Ukraynaya döyüş tanklarını verməkdə fikir ayrılığı yaşamasının səbəbi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Almaniya ilk gündən Ukraynaya silah ixracı məsələsində ehtiyatlı mövqe tutur:

“Rəsmi Berlinin Rusiya ilə enerji məsələsində razılaşmaları var. Kreml bunu yaxşı bilir və Almaniyanın digər qərb ölkələri ilə birlikdə onun üzərinə gəlməsinə göz yuma bilməz. Məhz buna görə də tez-tez enerji məsələsini əsas gətirərək Almaniyanı təhdid edir.

Rusiyanın Almaniyanı bu mövzuda şantaj etməsi Berlinin daha ehtiyatlı olmasına gətirib çıxarır. İstənilən halda Britaniyanın Kiyevə yeni silahlar verəcəyi təqdirdə Berlin də bu prosesdə iştirak edəcək, lakin bu iştirak bir qədər fərqli olacaq.

Almaniya heç bir halda Ukraynaya görə Rusiya ilə imzalanan enerji sazişlərini təhlükəyə ata bilməz”.

Turan Rzayev
Globalinfo.az