oleq

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Oleq İvaşenko Belarusiyanı hədələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “The Times” qəzetinə müsahibəsində danışıb.

İvaşenkonun sözlərinə görə, Rusiya ordusu çoxsaylı qüllə və retranslyatorlardan ibarət mobil şəbəkədən istifadə edə bilər. O iddia edib ki, Ukrayna Belarus ərazisində, sərhəd boyunca 6 belə qurğu müəyyənləşdirib:

“Bu vəziyyətdə Kiyev Belarus ərazisinə zərbələr endirmək variantını nəzərdən keçirməyə məcburdur”.

İvaşenko Ukraynanın bu problemi həll etmək üçün “kifayət qədər imkanlara” malik olduğunu deyib.

İyun ayında Ukrayna Prezidenti Volodimir Zelenski də Belarusu münaqişənin potensial “genişləndirilməsi” üçün infrastruktur hazırlamaqda ittiham etmişdi. Həmin ay Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya Ukrayna sərhədindən Rusiyanın pilotsuz uçuş aparatlarını Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə yönləndirməyə kömək etdiyi iddia edilən retranslyatorların götürülməsi üçün bir həftə vaxt vermişdi.

İyunun 24-də Zelenski Belarus tərəfindən artıq təhlükə olmadığını və sözügedən retranslyatorların söndürüldüyünü bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: