Üç başçı haqda xəbərlərə kim aydınlıq gətirəcək?

Neçə gündür ki, ölkədə bir neçə qurumda antikorrupsiya əməliyyatları keçirilir. Bakı Nəqliyyat Agentliyindən sonra bu əməliyyatlar rayon icra hakimiyyətlərində davam etdirildi.

İyulun 31-də Cəlilabad Rayonunda keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimovu, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərlini və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərovu həbs ediblər.

31 iyul tarixində Tərtər rayon İcra Hakimiyyətində də xüsusi əməliyyat tədbiri keçirilib. İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Ənvər oğlu Kərimov tutulub. Deyilənə görə, 1 saata yaxın davam edən əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ötən 5 il ərzində keçirilən tenderlərə aid sənədlər götürülüb.

Keçirilmiş əməliyyat haqda Globalinfo.az-ın sorğusu Tərtər RİH tərəfindən cavablandırılıb. Açıqlamada əslində yeni heç nə yoxdur. Rəsmi xəbərin və mediada yayılan məlumatın təkrarıdır. Amma əsas odur ki, rayon icra hakimiyyəti jurnalistin sorğusuna biganə yanaşmayıb, cavab verib. Bunun özü də müsbət hal kimi qiymətləndirilə bilər.

Bu əməliyyatlardan sonra digər icra başçısı haqda sensasion məlumat yayıldı. Məlumata görə, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev özünə yeni avtomobil alıb. Bildirilir ki, icra başçısının yeni avtomobili 450 min manat dəyərində olan “Range Rover”dir. Elnur Rzayev 90-DK-500 dövlət qeydiyyat nişanlı yeni maşınını qayınatası Hacıyev Sərdar Mehdi oğlunun adına rəsmiləşdirib.

Avtomobili Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan Musayev Anar Sabir oğlu etibarnamə əsasında idarə edir.

Məlumatın yayılmasından bir neçə gün keçməsinə baxmayaraq nə Elnur Rzayev, nə Xaçmaz RİH bu barədə ictimaiyyətə məlumat vermir. Əslində bu xəbər rəsmi qurumlar tərəfindən dərhal araşdırılmalı və mətbuat vasitəsi ilə cəmiyyətə dolğun bilgilər verilməli idi. İnanırıq ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və digər aidiyyatı qurumlar bu cür vacib məsələyə aydınlıq gətirəcəklər.

Tahir Turan
Globalinfo.az