Türkiyədə azərbaycanlı iş adamının yaşadığı evdə cəsədi tapılıb.
Globalinfo.az Unikal-a istinadla xəbər verir ki, hadisə İstanbulun Qaziosmanpaşa rayonunda qeydə alınıb.
Belə ki, cəsəd bir həftə ərzində evdə qalıb. Cəsədin qoxusu yaşayış binasının blokuna yayılıb və qonşular polisə müraciət ediblər.
İstanbul polisi qapını açaraq azərbaycanlı iş adamının cansız bədənini aşkar edib. Eyni zamanda mənzilin hər yerində qan izlərinin olduğu müəyyənləşib.
Ən maraqlısı isə odur ki, həmin evdə iş adamının bacısı çarpayıda yatmış vəziyyətdə olub və bir həftə ərzində eyni evdə qalıb. Onun psixoloji problemlərinin olduğu bildirilir.
Həmin qadın evdən çıxarılaraq təcili tibbi yardım müəssisəsinə yerləşdirilib.
Əldə etdiyimiz məlumata görə, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.
Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub.
Digər əldə etdiyimiz məlumata görə, azərbaycanlı iş adamı “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.