Türkiyə XİN-dən Qarabağla bağlı bəyanat – FOTO

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Qarabağda başladığı antiterror əməliyyatı barədə bəyanat yayıb.

Globalinfo.az xəbər verir ki, bəyanatda deyilir:

Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin Azərbaycan Ordusunun şəxsi heyətinə və təhlükəsizlik qüvvələrinə qarşı uzun müddətdir davam edən silahlı təxribatlarına və qeyri-qanuni əməllərinə qarşı bu gün Azərbaycan Ordusu tərəfindən müstəsna olaraq hərbi qüvvələri hədəf alan antiterror əməliyyatı keçirilib.

İkinci Qarabağ müharibəsinin başa çatmasından bu günədək keçən üç ilə yaxın müddətdə yerlərdəki vəziyyətlə bağlı daim bəyan etdiyi haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan zəruri hesab etdiyi tədbirləri görməli oldu.

Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticəyönümlü şəkildə davam etdirilməsinin təmin edilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yolu olduğuna inanırıq.