Türkiyə Notariuslar İttifaqının sabiq Baş katibi Globalinfo-ya danışdı

Fevralın 18-də Hilton Hoteldə Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda iştirak edən Türkiyə Notariuslar İttifaqının sabiq Baş katibi, Türkiyə-Rumıniya ikitərəfli ticarət palatasının Türkiyə nümayəndəliyinin rəhbəri, Av.Dr İbrahim Gül Globalinfo.az-a açıqlamasında alınacaq qərarların region ölkələrinin vətəndaşları üçün vacib olduğunu bildirib:

“9 müxtəlif ölkədən olan baş prokurorların, hüquq sahəsi üzrə professor və akademiklərin iştirak etdiyi konfransa qardaş Azərbaycanın ev sahibliyi etməsi bizim üçün xüsusilə əhəmiyyətlidir. Bu o deməkdir ki, 2015-ci ildə keçirilən Türkiyə-Rusiya hüquq platformasında alınan qərarlar icra edilir. O zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin də bu qərarları nəzərdən keçirmiş və tətbiq edilməsini tapşırmışdılar. Qara dəniz və Xəzər dənizi regionu ölkələrinin vətəndaşları üçün hüquqa uyğunluğun təmin edilməsi, məhkəmə və cinayət mövzularında əməkdaşlığın inkişaf etdirilməsi vacibdir. 8 il sonra region ölkələrinin hüquq müstəvisində ən vacib nümayəndələrini bir araya gətirərək təcrübələrini bölüşmələri, vətəndaşların problemlərini sistemli şəkildə həll etmələri baxımından təqdirəlayiq addımdır. Konfransda hüquqi baxımdan vacib qərarlar müəyyənləşəcək, daha sonra iştirakçılar bu qərarları ölkələrindəki hüquqşünaslarla bölüşəcəklər”.

İ.Gül müasir dövrdə bəzi cinayətlərin daha təhlükəli hal aldığını və beynəlxalq problemə çevrildiyini söyləyib:

“İnkişaf edən dünyada artıq cinayət növləri də dəyişir, bəzi cinayətlər beynəlxalq problemə çevrilir. Yəni bir ölkənin buna qarşı tək mübarizə aparması mümkün deyil. Bu baxımdan yeni cinayət üsulları daha yaxşı araşdırılmalı və ölkələrarası hüquqi əlaqələr gücləndirilməlidir. Birləşmiş Millətlər Təşkilatının beynəlxalq cinayətlərə dair ərsəyə gətirdiyi 3 mərhələdən ibarət sənəd var. Burada terrorun maliyyələşdirilməsi, çirkli pulların yuyulması, qadın və uşaq alverinə qarşı mübarizə qaydaları yer alır. Hazırda sənəddə qeyd olunan ikinci mərhələ üçün müzakirələr aparılır, ortaq qərar alınmayıb. Son dövrlərdə mafiya anlayışı da beynəlxalq cinayətlərin bir növünə çevrilib. Bu kimi təhlükələrə qarşı mübarizə üçün Bakıda keçirilən konfrans əhəmiyyətli rol oynayır”.

Ayşən Mustafa

Globalinfo.az