Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyənin bütün uğurları bizi də öz uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük fərəh hissi duyuruq.
Globalinfo.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Respublika Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına ünvanladığı təbrik məktubunda yer alıb.
“Dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.
İnanıram ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığı və birliyindən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq daha da dərinləşəcək və möhkəmlənəcəkdir”, – dövlət başçısının məktubunda vurğulanıb.