Türkiyə Ermənistanı hava yolu ilə birbaşa yükdaşımalar üçün məhdudiyyəti aradan qaldırması barədə məlumatlandırıb.
Globalinfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Vaan Unanyan deyib.
O, hava yolu ilə yükdaşımaların bərpasının iyulda iki ölkənin xüsusi nümayəndələrinin görüşündə əldə olunmuş razılaşmalardan biri olduğunu xatırladıb.
“Biz, üçüncü ölkə vətəndaşlarının iki ölkənin quru sərhədlərini keçməklə bağlı razılaşmanın da yaxın zamanlarda icra olunacağını gözləyirik”, – Ermənistan XİN rəsmisi qeyd edib.
***17:50
Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.
Qeyd olunub ki, 2023-cü il yanvarın 1-dən etibarən daşınmalar başlanılıb.
Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.
İkinci Qarabağ müharibəsindən – Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
Bu il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub.