“Ankara ABŞ-ın F-35 qırıcılarının istehsal proqramına yenidən qoşulması istiqamətində danışıqları davam etdirir”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin F-35 proqramına qayıdış qarşılığında üçüncü ölkəyə təhvil verilib-verilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı ikitərəfli gündəmdə olan məsələlər geniş şəkildə müzakirə edilib:
“Türkiyə daha əvvəl F-35 proqramının tərəfdaşlarından biri olub və layihəyə əhəmiyyətli töhfələr verib. Hazırda isə Ankaranın həmin proqrama geri qayıtması ilə bağlı ABŞ ilə təmaslar davam etdirilir. ABŞ-da bu istiqamətdə aparılan proseslərin mümkün qədər sürətlə tamamlanacağına ümid edirik. Bundan sonra F-35 məsələsi də həllini tapacaq.
Eyni zamanda Türkiyənin milli döyüş təyyarəsi KAAN layihəsi davam etdiriləcək. Yeni və yerli hava hücumundan müdafiə imkanlarının inkişaf edəcək. Biz seçimlərimizi məhdudlaşdırmır, əksinə, artırırıq. Güclü Türkiyə məhz budur”.
Safura Bənnayeva
Globalinfo.az