Seysmoloqdan qorxunc zəlzələ proqnozu: “Bu bölgə çox təhlükəlidir”

Bu gün Mərmərə dənizində baş verən və Türkiyənin bəzi ərazilərində 5,1 və 4,5 bal gücündə hiss edilən zəlzələlər ölkədə təşvişə səbəb olub.

Globalinfo.az xəbər verir ki, zəlzələdən sonra Türkiyənin tanınmış seysmoloqu Naci Görürün açıqlamaları diqqət çəkib.

N.Görür bu gərginliyin Şimali Anadolu tektonik xəttinin cənub qolunun bir parçası olduğunu bildirib:

“Bursa vilayətinin Mudanya sahillərində meydana gələn zəlzələnin Gəmlik körfəzi daxilindəki Zeytinbağı fayı hissəsində baş verdiyi ehtimal edilir. Bu isə Şimali Anadolu tektonik xəttinin cənub qolunun bir hissəsidir. Cənub qolu yavaş hərəkət edən, lakin gərginlik toplayan qırılma zonasıdır. Düşünürəm ki, 1999-cu il zəlzələləri zamanı ciddi enerji boşaldıb. Lakin indi şimal qolunda zəlzələlərin olmasını gözləyirik. Hazırda elə bir problem yoxdur. Amma Gəmlikdə tədbir görülməli, oradakı yaşayış yerləri zəlzələyə davamlı hala gətirilməlidir. Buranın yerləşdiyi ərazi çox təhlükəlidir”.

Ayşən Mustafa
Globalinfo.az