Çin Prezidenti Si Cinpin 31 avqust – 1 sentyabr tarixlərdə Qırğızıstana dövlət səfəri edəcək. Çin liderinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyi gözlənilir.
Bununla belə, son günlər Qırğızıstanda Çin dilindəki lövhələrin kütləvi sökülməsinə başlanılıb. Ölkənin müxtəlif şəhər və vilayətlərində “Dövlət dili haqqında” Qanunun tələblərinə riayət olunması çərçivəsində Çin dilində yazılmış reklam lövhələri, banerlər və heroqliflər sökülür.
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Qırğızıstan Rusiyanın hərbi-siyasi təsir arealında yer alan, KTMT-yə üzv olan ölkələrdən biridir:
“Lakin zamanla bu təsiri balanslaşdırmaq üçün Qırğızıstan çoxvektorlu siyasətə keçid edib. Bu çərçivədə, həm də coğrafi amillər səbəbi ilə Qırğızıstan Çinlə strateji münasibətlər inşa edib. Qırğızıstanın xarici ticarət əlaqələrinin 1/3-i Çinə yönəlib, xarici dövlət borcunun 30%-i Çinin sadəcə bir bankına – Çin İxrac-İdxal Bankına aiddir. Qırğızıstan Çinin liderlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının təsisçi üzvlərindən birinə çevrilib, son illər isə həm də Türk Dünyası ilə əlaqələri getdikcə dərinləşir.
Qırğızıstanın qatıldığı regional miqyaslı layihələr Çinlə Türk dünyasını birləşdirərək gələcəkdə Avropaya uzanacaq yeni strateji marşrutlarla birləşmə hədəfinə xidmət edir. Bu mənada Çin–Qırğızıstan münasibətləri strateji əhəmiyyətli hesab olunur və son illərdə xüsusilə yüksək inkişaf tempinə malik olduğu vurğulana bilər. Belə ki, ötən ildən Çin–Qırğızıstan–Özbəkistan arasında 4,7 milyard dollar sərmayə dəyəri olan dəmir yolu layihəsinin icrasına başlanılıb və bu xətt gələcəkdə Trans-Xəzər və Orta Dəhliz marşrutları ilə birləşərək Rusiyadan yan keçən qlobal Şərq–Qərb marşrutunun mühüm parçasına çevrilmə potensialı daşıyır. Beləliklə, iki ölkə arasında iqtisadi-siyasi əlaqələrin maksimum səviyyədə olduğu qeyd oluna bilər.
Bu yaxınlarda ŞƏT zirvəsi Çolpon-Atada baş tutdu. Burada diqqət çəkən məqam Qırğızıstanın Çindən iqtisadi asılılığının getdikcə artması fonunda ölkə cəmiyyətində, xüsusilə millətçi müxalif dairələrdə müəyyən narahatlıqlar doğurmasıdır. Nəzərə alsaq ki, Qırğızıstanda xarici iş vizalarının 60%-dən çoxu çinli işçilərə verilir, bu fonda ölkədə Çinə və çinli miqrantlara qarşı etirazlar müşahidə olunur. Hətta ŞƏT-in Bişkek zirvəsi ərəfəsində Qırğızıstanda Çinin etnik türk uyğurlara qarşı siyasətinə etiraz aksiyası belə təşkil olunmuşdu.
Müvafiq etirazlar Çinin Qırğızıstan iqtisadiyyatında artan roluna və investisiya şərtlərinin qeyri-bərabərliyinə qarşı səslənirdi. Lakin bu, dövlət səviyyəsində təşkil olunan etirazlar olmayıb. Əksinə, Qırğızıstan hakimiyyəti aksiya iştirakçılarını Çinə qarşı etnik nifrət yaydıqlarına görə həbs etmiş, bu isə xüsusilə Qərbin insan hüquqları müdafiə təşkilatlarının diqqətini cəlb etmişdi. Beləliklə, əks Çin etirazlarının Çin–Qırğızıstan əlaqələrinin inkişaf səviyyəsindən narahat olanlar tərəfindən təşkil edilmə ehtimalının daha yüksək olduğunu söyləmək olar”.
Turan Rzayev
Globalinfo.az