Sabir

“Doğma türk dilinin Azərbaycan türkcəsinə tərcümə edilməsi dil ayrılığı görüntüsü yaratmaqdır. Nəzərinizə çatdırım ki, kinoteatrlarımızda filmlər rus, hətta ingilis dilində təqdim olunur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı türk filmlərinin Azərbaycan dilinə dublyaj olunması haqda danışarkən deyib.

O bildirib ki, burada təkcə tamaşaçı hüquqları deyil, həm də millətin hüquqları pozulur:

“Türk Dövlətləri Təşkilatı güclənir, inteqrasiyadan, ortaq türk dilindən bəhs olunur, hətta gələcəkdə Türkiyə türkcəsi ortaq dilə çevirilə bilər deyə Mərkəzi Asiya respublikaları türk dilini öyrənirlər. Amma bizimkilər ölkədə hər kəsin bildiyi doğma dildən tərcümə edirlər. Bu gün Azərbaycanda hər kəs türk dilini bilir. Hətta uşaqlar bizdən daha yaxşı bilir və danışırlar. Lakin müəyyən dairələr Rusiyaya xidmət etmək niyyəti ilə filmləri Azərbaycan dilinə dublyaj etdirirdilər”.

S.Rüstəmxanlı deyib ki, insanların bununla bağlı narazılığı nəzərə alınmır:

“Tamaşaçı deyir ki, “mənim üçün türk filmini dublyaj etmə! Tərcümə orijinalın effektini vermir”. Biz çalışmalıyıq ki, dillərimiz yaxınlaşsın, biri-birimizdən yeni sözlər öyrənək. Dilimizdə fars, ərəb, Avropa, rus kəlmələrindən istifadə olunur. Bunlardan imtina etməliyik”.

Xalq şairi vurğulayıb ki, süni və məcburi şəkildə araya ayrılıq salmaq olmaz:

“Araya süni ayrılıq salmaq istəyənlər çoxdur. İqtisadiyyatda, siyasətdə, hətta mədəni sahələrdə də ayrı-seçkilik salmaq istəyənlər var. Burada kənar dövlətlərin, cənub və şimal qonşularımızın da təsiri olduğunu düşünürəm. Onlara xidmət edən dairələr var. Amma xalq Türkiyə ilə yaxınlaşmaq istəyir. Ona görə də türk filmləri, serialları Türkiyə türkcəsində efirə getməlidir. Bu məsələ tezliklə həllini tapmalıdır”.

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: