35 illik məxfi qovluqlar ələ keçdi: Qarakənd faciəsi və metro terrorunun sirləri açılacaq – VİDEO

“Rusiyada törədilən terror aktının azərbaycanlı iş adamına məxsus binada baş verməsi dünya erməniliyi üçün azğın anti-Azərbaycan kampaniyasına rəvac verib”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin aprelin 5-də keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, terrordan əziyyət çəkən əsas ölkə Azərbaycandır:

“Halbuki ölkəmiz təkcə son 37 ildə 2 mindən artıq vətəndaşını terror nəticəsində itirib, qəsdlər, xüsusilə 90-cı illərdə, erməni işğalının nəticəsi, hətta müharibənin bir parçası olub və Qlobal Terrorizm İndeksi də bunu təsdiqləyir. Köçəryan-Sərkisyanla yanaşı, Gəncəni və Bərdəni vuran, son 3 ildə Qarabağa mina əkən inqilabçı demokratlardan da ziyan çəkmişik”.

Deputat antiterror əməliyyatlarından sonra ələ keçirilən məxfi qovluqlar sayəsində Azərbaycana qarşı törədilən bir sıra teraktların ifşa olunacağını qeyd edib:

“İnanırıq ki, Xankəndidə təslim olan separatçı qüvvələrin ələ keçirilən 35 illik məxfi qovluqları müstəqillikdən bu yana xalqımıza qarşı törədilən terror aktlarını ifşa edəcək. DTX təcridxanasında məhkəməsini gözləyənlər Qarakənd faciəsindən Bakı metrosuna qədər çoxsaylı qanlı cinayətlərin sifarişçilərini dilə gətirəcəklər. Bir vaxtlar Şimali Qafqaza Xattabın ordusu ilə gələnlər indi Ermənistanı hərbiləşmiş zonaya – özü boyda Pankisi dərəsinə çevirir, sərhədlərimizi Avropa kəşfiyyat mərkəzlərinin patrul dəstələri ilə nəzarətə götürməyə çalışırlar”.

“Ölkəmizdə dini və siyasi casusluğa cəlb olunanlar, o cümlədən Londonda və Tehranda səfirliyimizə hücum edənlər eyni qüvvələrdir. Lakin hamı bilsin ki, Vətən müharibəsi işğalçılarla bərabər, terror üzərində də qələbədir. Ona görə təklif edirik ki, Türk Dövlətləri Birliyi ilə eyni məqsədli beynəlxalq terror şəbəkələri PKK, İŞİD və erməni terroruna qarşı Yeni Türk Antiterror Mərkəzi yaradılsın”, – Z.Oruc deyib.

Ayşən Mustafa
Globalinfo.az