Tramp Ukraynaya yardımı kəssə, bu ssenari işə düşəcək

tramp putin zelenski 12

“Böyük Britaniya anti-Rusiya sanksiyalarında ön sıralarda yer alır və Boris Conson bu siyasətdə xüsusi rol oynayıb”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Britaniyanın keçmiş baş naziri Boris Consonun Ukraynaya qoşun göndərməsinin mümkünlüyü ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Conson şəxsən Ukraynaya gələrək Kiyev rejimini Rusiya ilə danışıqlardan çəkindirməyə çalışıb”, – Zaxarova bildirib.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Boris Consonun hazırda heç bir rəsmi vəzifəsi yoxdur:

“Onun dedikləri bu və ya başqa formada Böyük Britaniyanın mövqeyi ola bilməz. Boris Consonun Donald Trampa yaxınlığı var, lakin düşünür ki, o, Ukraynaya dəstəyi kəsə bilər.

elxan sahinoglu 3

Elxan Şahinoğlu

Böyük Britaniyanın Ukraynaya qoşun göndərəcəyi inandırıcı deyil. Rəsmi London Ukrayna müharibəsini öz müharibəsi saymır. Bu günə qədər Ukraynaya kifayət qədər yardım edilib. London silah, texnika yardımından başqa rəsmilərin səfəri fonunda da dəstəyini ifadə edib.
Hətta Consonun da Kiyevə səfəri baş tutub. Amma nəinki Böyük Britaniya, heç bir ölkə Ukraynaya birbaşa qoşun göndərməyəcək. Bu, faktiki müharibənin tərəfi olmaq və Rusiyanı qarşısına almaq deməkdir.

Qərb ölkələrinin bir çoxu Rusiya ilə münasibətləri kəsib sanksiya tətbiq edir. Lakin bu yenə də Rusiyaya müharibə elan edilməsi demək deyil. Tramp müharibəni dayandırmaq üçün Ukraynaya yardımları kəssə, Avropa ölkələri heç nə edə bilməyəcək. Böyük ehtimalla onlar da Ukraynaya dəstəyi azaldacaq. Qərb ən yaxşı halda atəşkəsin olmasını istəyir”.

Qeyd edək ki, Conson ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampın Kiyevə ayrılan maliyyəni kəsəcəyi təqdirdə Britaniyanın Ukraynaya qoşun göndərə biləcəyini istisna etməyib.

Turan Rzayev
Globalinfo.az