tramp 41 900x506 1

ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlaması müzakirələrə səbəb olub. Belə ki, o, müharibədən sonra İranın xəritəsinin dəyişəcəyinin anonsunu verib.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, bu qarşıdurma təkcə Cənubi Qafqazın və regionun deyil, ümumilikdə dünyanın siyasi xəritəsinə təsir göstərə biləcək müharibə kimi gündəmdədir:

ABŞ-ın Venesuela siyasətinə nəzər salsaq, görərik ki, Vaşinqton hakimiyyət dəyişikliyinə məruz qalan ölkələrdə mütləq şəkildə dövlət quruluşunu dəyişdirməyə çalışmır. Bu, Venesuela nümunəsində də müşahidə olunur. Hazırda orda vitse-prezident vəzifəsini icra edən siyasi fiqur fəaliyyətini davam etdirir və ABŞ-la müxtəlif sahələrdə əməkdaşlıq edir. Bu əməkdaşlıq enerji alqı-satqısı, ikitərəfli münasibətlər və narkokartellərə qarşı mübarizə kimi istiqamətləri əhatə edir. Donald Tramp bəyan edib ki, İranda yeni bir siyasi liderin meydana çıxmasını görmək istəyir. Bu şəxs mövcud dini-siyasi elitanın, yəni ayətullahlar sisteminin daxilindən də çıxa bilər. Bu baxımdan İranın parçalanması ABŞ-ın strateji maraqlarına tam uyğun görünmür. Bunun bir səbəbi də ABŞ-da keçiriləcək aralıq seçkilərdir. Noyabr ayında həm Konqresə, həm də Senata seçkilər keçiriləcək və Senatda 33 yer, Konqresdə isə 450 mandat yenilənəcək. Respublikaçıların reytinqinin azaldığı bir dövrdə Vaşinqton üçün İranla genişmiqyaslı müharibənin deyil, daha çox sabitliyin təmin olunması və digər münaqişələrin, o cümlədən Rusiyanın Ukraynaya müdaxiləsi fonunda yaranan gərginliyin azalması daha məqsədəuyğun hesab olunur”.

yusif 1 900x498 2

Politoloq bildirib ki, İranda mümkün siyasi dəyişikliklər kontekstində potensial liderlər kimi 1-ci ruhani liderinin oğlu Həsən Xomeyni və Məsud Pezeşkian kimi fiqurların adları müzakirə olunur:

“Digər tərəfdən, İranın hərbi qüvvələri tərəfindən Azərbaycanın Naxçıvan ərazisinin atəşə tutulmasından sonra regionda diqqət çəkən diplomatik reaksiyalar müşahidə olundu. Hətta uzun illər qarşıdurma yaşayan Ermənistan da Azərbaycana dəstək mesajı verdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın azərbaycanlı həmkarı Ceyhun Bayramova zəngi bunu ehtiva edirdi. Bundan əlavə, İstanbulda Türk Dövlətləri Təşkilatı xarici işlər nazirlərinin toplantısı keçirildi və üzv dövlətlərdən birinə qarşı təcavüzün bütün təşkilata qarşı təcavüz kimi qiymətləndirilməsi barədə ortaq mövqe ortaya qoyuldu. Bu yanaşma müəyyən mənada NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzədilir. Hazırkı mərhələdə hadisələrin necə inkişaf edəcəyini gözləmək lazımdır. Yaxın günlərdə Trampın İranla bağlı mövqeyinin daha açıq şəkildə ifadə olunacağı gözlənilir və bu da ABŞ-ın İranla bağlı real strateji maraqlarını daha aydın göstərməyə imkan verəcək. Ümumilikdə ABŞ-ın İran siyasətində əsas məqsədi enerji resursları üzərində təsirin artırılması, İranın konstitusiya və siyasi doktrinasında ABŞ-a, İsrailə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılması, eləcə də nüvə proqramı, ballistik raket potensialı və proksi qüvvələrə dəstəyin məhdudlaşdırılmasıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: