ABŞ prezidentliyinə namizəd Donald Tramp Kaliforniyada mitinq zamanı yaxın aylarda III Dünya müharibəsinin başlaması riskindən danışıb.
Globalinfo.az-a danışan politoloq Əhməd Əlili deyib ki, Tramp əvvəllər də bu cür iddialarla çıxış edib:
“Onun fikrincə, Demokratlar, Bayden adminstrasiyası müharibədə maraqlıdır. Bu isə ABŞ vətəndaşlarının ödədiyi vergilərin mənasız müharibələrdə xərclənməsi deməkdir. Yəni ABŞ-ın bu gün daxili məsələlərə xərcləməyə pulunun qalmamasının əsas səbəbi məhz budur. Buna görə Tramp çalışır ki, mütəmadi olaraq Baydeni, Harrisi dünya müharibəsi kimi məsələlərlə küncə sıxışdırsın.
Tramp həm də iddia edir ki, müharibə zamanı Bayden, Harris kimi şəxslər humanitar təşkilatlar üzərindən pul qazanır. Özünü isə xalq adamı kimi göstərərək sanki onların qeydinə qalırmış kimi təqdim edir.
ABŞ-da bu kimi məsələlər seçkiqabağı tez-tez eşidilir. Bunlar seçkilərin nəticəsinə, reytinqlərə təsir edən məqamlardır. Hətta sırf buna görə Demokratlar çalışır ki, həm Ermənistan-Azərbaycan münaqişəsindən, həm Ukrayna-Rusiya müharibəsindən, həm də Yaxın Şərqdəki gərginliklərdən diplomatik dividentlər əldə etsinlər. Bu münaqişələrdə irəliləyiş olsa, onların reytinqi artar. Hesab edirəm, Demokratlar da Trampa qarşı bənzər tərzdə həmlələr edəcək”.
Turan Rzayev
Globalinfo.az