ABŞ Prezidenti Donald Tramp administrasiyası məcburi əməyin qarşısının alınması sahəsində kifayət qədər tədbir görülmədiyi iddiası ilə 60 ticarət tərəfdaşından idxal olunan mallara yeni gömrük rüsumları tətbiq edib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, yeni rüsumlar 10% və 12,5% səviyyəsində müəyyənləşdirilib və Avropa İttifaqı, Çin, Yaponiya, Cənubi Koreya, Tayvan və digər ölkələri əhatə edir. Qərar ABŞ-də 150 gün qüvvədə olmuş müvəqqəti 10 faizlik qlobal tarif rejiminin başa çatdığı vaxtdan etibarən qüvvəyə minib.
Yeni rüsumlar ABŞ Ticarət Aktının 1974-cü il tarixli 301-ci maddəsi əsasında tətbiq olunur və ölkəyə idxal olunan məhsulların təxminən 99,4%-ni əhatə edir. Bununla yanaşı, neft və qaz, gübrə, eləcə də bəzi ərzaq məhsulları bu tədbirlərdən istisna edilib.
ABŞ 10%-lik rüsumu Argentina, Banqladeş, Böyük Britaniya, Kamboca, Kanada, Ekvador, Salvador, Qvatemala, Honduras, Hindistan, İndoneziya, İordaniya, Malayziya, Meksika, Pakistan, Şri-Lanka, Trinidad və Tobaqodan idxal olunan mallara tətbiq edib.
Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Tayvan və İsveçrə üçün əvvəlki tariflərlə birlikdə ümumi rüsum dərəcəsi 10% və ya 12,5% təşkil edəcək. Qalan 38 ölkə, o cümlədən Vyetnam və Çin üçün isə 12,5%-lik tarif müəyyənləşdirilib.