“Son günlər Azərbaycan Milli Məclisinin Farici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Türkiyə ərazisindən sosial media vasitəsilə aparılan kampaniyanın hədəfli reklamlar, real və saxta hesablar üzərindən əlaqələndirilmiş formada həyata keçirildiyini açıqlayıb. Türkiyə dövlətinin bu prosesə təsir göstərmək üçün hüquqi və institusional imkanları var”.
Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.
Politoloq bildirib ki, Azərbaycan Media və Yayım Şurası da Türkiyə mediasında və sosial şəbəkələrdə qərəzli iddiaların kütləvi xarakter almasından narahatlığını bildirib:
“Bu baxımdan Ankara qanunvericiliyin pozulduğu konkret hallarda tədbir görə, dezinformasiya şəbəkələrini araşdıra və Azərbaycanla informasiya təhlükəsizliyi sahəsində koordinasiyanı gücləndirə bilər. Lakin tənqidi fikir və media azadlığı ilə qanunsuz dezinformasiya fəaliyyəti bir-birindən ayrılmalıdır.

Züriyə Qarayeva
Kampaniyanın arxasında konkret olaraq hansı şəxslərin və ya siyasi mərkəzlərin dayandığını sübut edən açıq, müstəqil şəkildə təsdiqlənmiş məlumat hazırda yoxdur. Azərbaycan parlament komissiyası yalnız “bəlli mərkəzlər” ifadəsini işlədib və iştirakçılar barədə məlumatların aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyini bildirib. Buna görə bunu sübut olmadan konkret siyasi qüvvəyə, xarici dövlətə və ya Türkiyə hakimiyyətindəki müəyyən qrupa bağlamaq düzgün olmaz. Ancaq belə kampaniyaların Azərbaycan–Türkiyə münasibətlərində həssas mövzuları qabartması və cəmiyyətlər arasında etimadsızlıq yaratması strateji müttəfiqliyin informasiya müstəvisində qorunması məsələsini aktuallaşdırır”.
Turan Rzayev
Globalinfo.az