Xəbər verdiyimiz kimi, sentyabrın 28-də Prezident İlham Əliyev yeni icra başçıları təyin edib. Onların gənc nəsil məmurlar olduğu, əsasən xaricdə təhsil aldıqları, bir neçə xarici dil bildikləri qeyd olunur. Yeni kadrların xarici görkəmləri, dünyagörüşləri və sosial statuslarının əvvəlki icra başçılarından ciddi fərqləndiyi, korrupsiya və rüşvət kimi qanunsuz əməllərdə iştiraklarının istisna edildiyi, mafiyalaşmamış kadrlara üstünlük verildiyi vurğulanır.
Lakin bəzi ekspertlər bu kateqoriyadan olan gənc kadrların yerli sakinlərlə ünsiyyət qurmaqda və onlarla dil tapmaqda çətinlik çəkə biləcəyini iddia edirlər. Belə ki, onların əksəriyyətinin elitar, xalqın içindən çıxmayan və təminatlı ailələrdə yetişən şəxslər olduğu vurğulanır.
Qeyd olunan yanaşmalar nə qədər əsaslı sayıla bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Azərbaycan hakimiyyət orqanlarının “yeni nəsil kadrlarla” əvəzlənməsi çox müsbət haldır:
“Düzdür, onların siyasi təcrübələri çox olmaya bilər. Atdıqları bəzi addımların regionun dəyərləri ilə uzlaşmaması da mümkündür və burada qeyri-adi heç nə yoxdur. Əksinə, bəlkə də bu xüsusiyyətləri onların ən müsbət hallarıdır. Çünki cəmiyyətimiz dəyişməlidir və keçmiş təcrübələr bu inkişafın qarşısını alan əsas əngəllərdir. Sözsüz ki, yeni yanaşmalar köhnə təcrübələrlə həyata keçirilə bilməz. Biz qarşımıza bəzi dəyişikliklər, islahatlar proqramı qoymalıyıq”.
Siyasi şərhçi bildirib ki, bir çox hallarda “yeni kadrların cəmiyyətlə dil tapa bilməməsi” deyiləndə köhnənin qalıqları ilə işləmə təcrübəsi nəzərdə tutulur:
“Köhnəliyin qalıqları isə rüşvətxorluq, korrupsiya, qohumbazlıq və digər bu kimi üsulları idarəetmə vasitəsinə çevirməyə öyrəşiblər. İndi eyni qaydalardan kənar idarəçilik prinsip və mexanizmi ilə üzləşəndə, təbii ki, narazı qalır və bunu ictimai etiraz kimi təqdim etməyə çalışırlar. Bir çox hallarda təşkilatlanıb yeni idarəetmə qaydalarına qarşı gizli mübarizə aparırlar. Kənardan baxanda bir qrup imkanlı feodalların təşkilatlandırılmış dirənişi həqiqətən də ictimai narazılıq kimi görünür. Fikrimcə, Azərbaycan hakimiyyəti bu dırnaqarası ictimai narazılıqlara əhəmiyyət verməməli, cəmiyyətimizi dəyişdirməyə hesablanmış kadr islahatlarını davam etdirməlidir”.
Heydər Oğuz
H.Oğuz qeyd edib ki, yenilənməyə açıq olan bütün cəmiyyətlər inkişaf edib dünya düzənində özünə layiq yer tapır:
“Ölkəmizdə bu istiqamətdə bəzi nöqsanların obyektiv səbəbləri var. Məlumdur ki, bütün icra hakimiyyəti orqanlarında islahatlar seçkili orqanlardakı dəyişikliklərlə başlayır. Azərbaycan siyasi iradəsi də əslində bu dəyişikliklərə parlamentdən başlamaq istəyirdi. Parlamentimizi dəfələrlə “5-ci kolon”un caynağından xilas etmək istəməsinə baxmayaraq, bu cəhdlər arzuolunan nəticəni verməyib. Nəticədə Azərbaycan dünyanın böyük sürətlə dəyişildiyini nəzərə alıb, icra strukturlarında dəyişiklik prosesinə qədəm qoyub. Bunun bir başqa səbəbi isə köhnə sistemdə parlament seçkilərinə icra strukturlarının müdaxiləsi ilə birbaşa bağlıdır. Görünür, hakimiyyət də öncə seçkili orqanların formalaşmasına müdaxilə edən əlləri kəsmək və ya zərərsizləşdirmək xəttini seçməli olub. Cəmiyyətimizdə dəyişikliklər kompleks şəklində həyata keçirilərsə, prosesi yan təsirlərdən daha yaxşı qoruya bilərik”.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin, Hacıbaba Adil oğlu Babayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ləman İmran
Globalinfo.az