Rəsmi Ankaranın İsraillə ticarət əlaqələrini dayandırdığını açıqlamasına baxmayaraq, İsrail marketlərində Türkiyə istehsalı məhsulların satıldığı məlum olub. Bəzi məhsulların üzərində ivrit dilində etiket və məlumatların olması onların İsrail bazarı üçün hazırlandığını göstərən detallar kimi diqqət çəkir.
Türkiyə istehsalı məhsullar İsrail marketlərinə necə daxil olur? Bu məhsulların başqa ölkələr üzərindən İsrailə göndərilməsi mümkündürmü?
Globalinfo.az-a danışan iqtisadçı Vüsalə Əhmədovanın sözlərinə görə, Türkiyə hökuməti bildirir ki, 2 may 2024-cü ildən sonra İsrail üçün Türkiyə gömrük sistemində ixrac və idxal bəyannaməsi qeydə alınmayıb:
“İsrail tərəfinin məlumatlarında isə Türkiyə ilə əlaqəli mal axınları sonradan da qeydə alınıb. Bu uyğunsuzluğun əsas izahlardan biri kimi, üçüncü iqtisadiyyatlar üzərindən ticarət və ya Fələstin Muxtariyyətinə göndərilən mallar olduğu bildirilir. Bilirsiniz ki, Fələstin ərazilərinin Aralıq dənizində öz aktiv limanı yoxdur. Deməli, Fələstin üçün nəzərdə tutulan malların bir hissəsi İsrail limanları üzərindən daxil olmalıdır. Fələstin əraziləri həm də İsrailin gömrük sahəsinin daxilindədir. Buna görə də, Fələstin üçün nəzərdə tutulan Türkiyə mallarının bir hissəsi İsrailin gömrük statistikasında İsrailə daxil olan mal kimi görünə bilər”.
Vüsalə Əhmədova
V.Əhmədova bildirib ki, ivrit dilində etiket məsələsi isə başqa bir məqamdan xəbər verir:
“Mümkündür ki, bu məhsullar üçüncü ölkədəki şirkət tərəfindən alınıb və yenidən ixrac edilib. Eləcə də Türkiyənin İsrailə gizli birbaşa ixrac həyata keçirdiyini düşünürəm. Doğrudur, kifayət qədər dəlil yoxdur, amma “2 may 2024-dən sonra Türkiyə mənşəli malların İsrailə heç bir şəkildə çatmadığı” iddiası da mövcud İsrail məlumatları ilə uyğun gəlmir. İsrail Mərkəzi Statistika Bürosunun məlumatlarına əsaslanan hesabatlara görə, İsrail 2025-ci ildə Türkiyədən 924,1 milyon dollar dəyərində mal idxal edib. 2024-cü ildə bu göstərici 2,019 milyard dollar idi. Bu, çox əhəmiyyətli faktdır. Türkiyə hökumətinin “İsrailə ixrac sıfırdır” mövqeyi ilə İsrailin Türkiyədən idxal statistikası arasında real fərq mövcuddur”.
Zaira Akifqızı
Globalinfo.az